Məhkəmə qərarları › İş №3(006)-2360/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2360/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2360/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Riad” adlı obyektin qarşısında sərxoş vəziyyətdə F.V.Qarayevanı işlədiyi obyekti yandırmaqla hədələmiş və sonuncunun ümvanına söyüşləri söymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi Ş.S.Mehdiyev tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:40 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri T.Hüseynov və R.Aslanlı xidmətdə olarkən Bakı şəhəri, Nəsimi rayonu, Qoqol 22 a ünvanında yerləşən “RUAD” adlı kafesindən bir nəfər xanım onlara yaxınlaşıb “Ramiz” adlı bir şəxsin onun işlədiyi yerə gələrək sonuncunun ünvanına nalayiq küçə söyüşləri söyməsini və işlədiyi obyekti yandıracağını bildirmişdir. Polis nəfərləri “Ramiz” adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onlarla birgə 22-ci PŞ-nə gəlməsini bildirmiş, ilkin baxışdan həmin şəxsin spirtli içki qəbul etdiyini bilmiş və sonuncunu şikayətçi ilə birlikdə ərazi üzrə 22-ci PŞ-yə gətirmişlər. Polis Şöbəsində həmin şəxsin xx.xx.1972-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankasiyasında nəzərdə tutulmuş ən ağır həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa, Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi Ş.S.Mehdiyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:30-da saxlanılmış, barəsində tutmaq protokolu həmin tarixdə, saat 18:40-da tərtib edilmişdir. Həmçinin, o, bildirmişdir ki, Şəxs inzibati tənbeh edilmiş və məhkumda olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, hadisə zamanı sərxoş olmuşdur, hadisədən sonra xanımdan üzr istəmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 15:30-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs F.V.Qarayeva izahatında bildirmişdir ki, Şəxs onun işlədiyi obyektin qabağında maşınların hərəkətinə nəzarət edir. Şəxs xx.xx.2022-ci il tarixdə onun ünvanına nalayiq ifadələr işlətmiş və onu hədələmişdir. O, Şəxs şikayətçidir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materialarında olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs N ünvan 2 ünvanında xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2/15871 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 00:10-da orta dərəcəli sərxoşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan MN 0051434, MN 0963671, MN ******* saylı protokollardan və MN ******* və MN ******* saylı qərarlardan görünür ki, Şəxs dəfələrlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında verilmiş izahatlar, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə zərərçəkmiş şəxsdən üzr istəməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi, həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xətanın sərxoş halında törədilməsini və dəfələrlə eyni tərkibli əməllə təqsirli bilinməsini isə məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli izahatlara əsasən inzibati xəta törətmiş şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən saat 15:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 06 iyul 2022-ci il tarixdən saat 15:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar