Məhkəmə qərarları › İş №3(006)-2360/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2360/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2360/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 nümayəndəsi və vəkili “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Ləhiş bağlarında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(103)-4541/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(103)- 4541/2023 saylı icra vərəqəsindən məlumatı olmuşdur. Tələbkarla nikahından iki oğul övladı olmuş, onları böyütmüş, oxutmuş, evləndirmiş və həmin əmlak kompleksində oğlanları üçün iş yeri olaraq mərmər sexi açmışdır. A və B binasının ortasında navest tipli yer Bakı Apellyasiay Məhkəməsinin qərarında asfalt sahə kimi gedir. O da hesab etmişdir ki, həmin sahə məhkəmə qərarı ilə onun əmlakıdır və obyektdə öz vəsaiti ilə tikdiyi hərşeyi götürə bilər. Həmin zaman Azərbaycanda olmamış, İstanbulda olmuş, işlərdə atasının vəkili iştirak etmişdir. Onlara “dərhal nəyiniz var götürün çıxın” deyilmişdir. Obyekti işlədənlərin qarşı tərəfin öz uşaqlarının olmasına baxmayaraq, obyektin dərhal boşaldılması tələb edildiyi üçün o, öz vəsaiti hesabına gördüyü işlərin sökülməsini, avadanlıqların və ona məxsus əşyaların götürülməsinə dair göstərişlər vermişdir. Aralarında obyektlə bağlı razılığa da gələ bilməmişdirlər, halbuki obyekt ona icarəyə verilə bilərdi. Lakin qarşı tərəf uşaqlarını düşünmədən obyektin dərhal boşaldılmasını tələb etmişdir. O öz vəsaiti ilə aldığı qapı və pəncərələrin, həmçinin navesin sökülməsinə göstərişlər vermiş, eləcə də öz adına çəkilmiş olan işıq və su xəttlərini də sökdürmüşdür. Bundan başqa obyektdə betonlama işləri də görülmüşdür ki, bununla bağlı da ayrıca kompensasiya ödənilməsi ilə bağlı iddia qaldıracaqdır. Sonda hesab edir ki, öz əmlakı olduğuna görə avadanlıqları söküb götürməkdə haqlıdır. Göstərilənləri nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 nümayəndəsi və vəkili X3 verdiyi izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Humay Hüseynova xərçəng xəstəsi olmasına baxmayaraq aptekdə xadimə işləyir. Humay Hüseynova və Şəxs atası yaxın dost olmuşlar, Hüseynin atası vəzifə sahibi olmuş, Vəliyevin atası isə sürücü olmuş, onlar evlənmişlər, iki uşaqları olmuş, daha sonra münasibətləri pozulmuş və ayrılmışlar. Uşaqları isə ataları tərəfindən ananın əlindən alınmışdır. 14 ildir tələbkarla borclu arasında əmlak mübahisələri gedir. O 6 ildir Humayın işlərini görür, ona müraciət edilənə qədər bu illər ərzində Humay məhkəməyə müraciət etmiş, lakin mübahisənin həlli barədə qərar qəbul edilməmiş, lazımsız məhkəmə prosesləri keçirilmiş, işlər Ali Məhkəməyə kimi gedib qayıtmış, nəticə olaraq işlər qadının ziyanına aparılmışdır. Daha sonra Humay ona müraciət etmiş, o, işi yenidən bərpa etmiş, əvvəlki vəziyyətinə gətirmiş, xeyrinə məhkəmə qərarı qəbul edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4541/2023 saylı icra vərəqəsinin icrası 5 aydır uzanır. İcra vərəqəsində göstərilən obyekt hələ də təhvil verilməmişdir. Obyektin təhvil verilməsi həyata keçirilən zaman görülmüşdür ki, oradakı avadanlıqlar, tavan, qapı, pəncələr, işıq və su xətləri sökülərək götürülmüş və darmadağın edilmiş, bu səbəbdən də qarşılaşdığı vəziyyətdən dolayı obyekti təhvil almamışdır. Bununla bağlı ayrıca Ədliyyə Nazirliyinə şikayət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən Şəxs barəsində həbs cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4541/2023 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 ünvan 3 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədən ibarət mülkiyyət payının naturada ayrılması, naturada ayrılma Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilməsi, ünvan 4 ünvanda yerləşən əmək kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə (hər hansı bir hüquq tanımadan), “A” və “B” tikililəri və hər hansı bir hüquq tanınmadan “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv.m olan qeydə alınmayan tikili iddiaçı X4 (faktiki 602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə (hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlükdə cavabdeh X7 bölünərək verilməsi qərara alınmışdır. İcra sənədi icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, xx.xx.2024-cü il tarixdə ekspert rəyinə əsasən ünvana baxış keçirmişlər. Bir neçə dəfə Hüseynin atası Vəli Vəliyevlə telefonla əlaqə saxlamış, daha sonra onun əvəzinə işdə vəkili iştirak etmişdir. İcrada sonuncu dəfə xx.xx.2024-cü ildə icra yerində olarkən həmin qeyri yaşayış sahəsini tərkibində avto servis, mərmər sexi olan böyük bir kompleksin tələbkara aid hissəsinin ona təhvil verilmə ərəfəsində orda olan avadanlıqların bir gün ərzində boşalmasının mümkün olmaması ilə bağlı tərəflər aralarında söhbət aparılmış, borclunun xahişi ilə bunun üçün 3 gün vaxt verilmişdir. Obyektin boşaldılması üçün 22 aprel 2024-cü il tarixinə kimi vaxt verilmiş, lakin həmin tarixdə onlar obyektə baxış keçirən zaman orda başqa vəziyyətlə qarşılaşmışlar. Navesin bir hissəsi sökülmüş, mərmər ofisinin qapıları, divar əvəzi olan şüşə, qapı pəncərə sökülmüş və aparılmışdır. Bununla bağlı şəkilləri əlavə etmişdir. Hətta obyektdən gələcəkdə istifadə olunmasına dair bu kimi danışıqlar da aparılmış, icarə barədə razılaşmamışlar. Bunlar hamısı nəzərə alınaraq 3 gün müddətində vaxt verilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdə tərəfindən tərtib etdiyi aktda iki nəfər şəxs X12 və X6 da olmuşdur. Tərəfindən onların da barəsində protokol tərtib edilmişdir. Daha sonra Şəxs tərəfindən icra şöbəsinə dəvət olunmuş, obyektin vəziyyəti barədə izahat verərək avandanlıqların onun əmlakı olduğu üçün onun tərəfindən onun göstərişi ilə söküldüyünü bildirmişdir. Obyekti təhvil verə bilməmişdir. Tələbkar obyekti bu vəziyyətdə təhvil almır. Borclu isə obyektin əvvəlki vəziyyətə qaytarmalı olduğunu hesab etmir. Bu səbbədən sözügedən icra vərəqəsini icra edə bilməmiş və barəsində protokol tərtib edilmişdir. İcra sənədi icraata qəbul olunduqdan sonra qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmişdir. Borclu Şəxs icra tədbirlərinin yerinə yetirilməsi üçün hər hansı tədbir görməmişdir. Hal-hazırda məhkəmə qərarının icra edilməsi tələb olunur. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(103)- 4541/2023 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(103)-4541/2023 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 ünvan 3 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədən ibarət mülkiyyət payının naturada ayrılması; naturada ayrılma Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilməsi, ünvan 4 ünvanda yerləşən əmək kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə (hər hansı bir hüquq tanımadan), “A” və “B” tikililəri və hər hansı bir hüquq tanınmadan “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv.m olan qeydə alınmayan tikili iddiaçı X4 (faktiki 602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə (hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlükdə cavabdeh X7 bölünərək verilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmə Şəxs ilk dəfə məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar