Məhkəmə qərarları › İş №3(006)-2362/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2362/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2362/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin 31 avqust 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 19cu Polis Bölməsinin 31 avqust 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Nəsimi rayonu, 20 Yanvar metro stansiyasının keçidində aptekə düşdüyü zaman polis əməkdaşının onu video kamera ilə çəkdiyini görmüş, polis əməkdaşından onu çəkməməsini xahiş etmiş və kameraya baxmamışdır. Polis əməkdaşı ona yaxınlaşıb ağıllı olmasını bildirmiş və onu hədələyərək ona əl-qol atmağa çalışmışdır. Aralarında yaranmış mübahisəyə görə polis əməkdaşı onu patrul maşını ilə Nəsimi RPİ-nin 19-cu PB-yə apararaq orada ona məcburi şəkildə cərimə yazmışdır. Halbuki ondan heç maskasının niyə olmaması barədə heç nə soruşmamış, ona bölməyə aparma səbəbi isə polisə qarşı hörmətsizlik etməsi olmuşdur. Polis əməkdaşı ilə maska söhbətləri olmadan barəsində cərimə tətbiq edilmişdir. Göstərilənlərə əsasən Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin 31 avqust 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi S.S.Hüseynov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, 20 Yanvar metrosuna düşərkən ağzında maska olmamışdır. Həmin vaxt onun niyyəti metrodan maska almaq olmuşdur. Göstərilənlərə əsasən şikayətinin əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Nəsimi RPİ-nin 19-cu PB-yə lazımi qaydada məlumat verilsə də, şikayətçi və Nəsimi RPİ-nin 19-cu PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Nəsimi RPİnin 19-cu PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 31 avqust 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, S.S.Hüseynov həmin tarixdə, saat 09:27-də Respublika paytaxtı küçəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozmasına görə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, S.S.Hüseynov Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsini törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, S.S.Hüseynovun barəsində 31 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 02 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında şikayətçinin izahatından müəyyən edilmişdir ki, şikayətçi barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o, fərdi qoruyucu vasitələrdən istifadə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin 31 avqust 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli, EPQ ******* saylı qərarı qanuni və əsaslı olduğundan S.S.Hüseynovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin 31 avqust 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli, EPQ ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar