Məhkəmə qərarları › İş №3(006)-2371/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2371/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2371/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərov küçəsi, ev 115-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 06.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(006)-1562/2021 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə cəmi 8.943 manat məbləğində pul tutulmalıdır. Borclu Şəxs bununla bağlı öz üzərinə düşən vəzifələri yerinə yetirmir, üzürlü səbəblər olmadan heç bir ödəniş etməyərək icra məmurunun qanuni tələblərinə əməl etmır. Məhkəmə iclasında icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(006)-1562/2021 saylı icra sənədinə görə Şəxs Zərərçəkmiş şəxs xeyrinə əsas borc üzrə 8.600 manat, hüquqi xidmətə görə ödənilmiş 313 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 8.943 manat məbləğində pul tutulmalıdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin bu müddət ərzində borclu Şəxs heç bir hərəkət etməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş pulu tələbkara ödəməmiş, çağırışlara da gəlməmişdir. Onun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, borclunun adına heç bir əmlak növü və pul vəsaitləri aşkar edilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(006)-1562/2021 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, Şəxs onun xeyrinə cəmi 8.943 manat məbləğində pulun tutulması qərara alınmışdır. Lakin borclu bugünə qədər ona heç bir ödəniş etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Zərərçəkmiş şəxs özü üçün deyil, tanışı Nüşabəyə görə faizə pul almış, tələbkarın da bundan xəbəri olmuşdur. Lakin sonradan Nüşabədən borcun əvəzi olaraq 1.300 manat geri ala bilmiş, sonuncu qalan pulu tam qaytarmadığından o, Kəmaləyə ödəniş etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(006)-1562/2021 saylı icra sənədinin icrası üzrə qərəzli olaraq icra məmurunun qanuni tələbləri yerinə yetirilmir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxsnun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar