Məhkəmə qərarları › İş №3(006)-2390/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2390/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2390/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 13; VÖEN: **********) barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi 02.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəki Rayon Məhkəməsinin 12.07.2021ci il tarixli, 2(075)-1601/2021 saylı icra vərəqəsinə əsasən hazırki iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək X1 məxsus Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən su artezianına elektrik enerjisinin təminatı bərpa edilməli və elektrik enerjisinin verilişinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(075)-1601/2021 saylı icra vərəqəsinə əsasən, iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək X1 məxsus Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən su artezianına elektrik enerjisinin təminatı bərpa edilməli və elektrik enerjisinin verilişinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməlidir. Qərardad dərhal icra edilməlidir. Lakin borclu "xxxx" ASC-yə bununla bağlı edilmiş xəbərdarlığa baxmayaraq o, icra sənədinin icrasını təmin etməmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli icra vərəqəsinə əsasən tələbkara məxsus evdə elektrik enerjisinin verilməsinə başlanmışdır. Lakin enerji verilişi xətlərində baş verən texniki problemlə bağlı elektrik enerjisi yenidən kəsilmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(075)-1601/2021 saylı icra vərəqəsindən görünür ki, hazırki iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanandək X1 məxsus Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən su artezianına elektrik enerjisinin təminatı bərpa edilməli və elektrik enerjisinin verilişinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməlidir. Qərardad dərhal icra edilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 27.07.2021-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 12.07.2021-ci il tarixli, 2(075)-1601/2021 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Şəki Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(075)-1601/2021 saylı icra vərəqəsi üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və ona görə də onun barəsində 02.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 02.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan da görünür ki, icra sənədi üzrə tələb borclu tərəfindən hazırki tarixədək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şəki Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(075)-1601/2021 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarında göstərildiyi qaydada üzərinə düşən öhdəliyi icra etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" ASC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3.000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar