Məhkəmə qərarları › İş №3(006)-2392/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2392/2022

08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2392/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi Cəbizadə Aybəniz Emin qızının katibliyi, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon İcra şöbəsinin icra məmuru V.Ş.Qaralov bildirmişdir ki, Şəxs ünvanını müəyyənləşdirə bilmədiyi üçün sonuncunun barəsində axtarış qərarı qəbul etmişdir. Bundan başqa, o, bildirmişdir ki, Şəxs icraata başlamaq haqqında qərarı və tələbin könüllü icra edilməsi barədə bildirişi bugün, yəni xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq, tərtib edilmiş inzibati xəta haqqında protoklolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun icra sənədindən məlumatı olmamışdır, icraata başlamaq haqqında qərarı və tələbin könüllü icra edilməsi barədə bildirişi bugün, yəni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almışdır. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Nəsimi Rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, təqdim edilmiş materiallar məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, icra sənədi üzrə tam və hərtərəfli araşdırma aparılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, icra məmuru tərəfindən borcluya icra sənədinin icrasına başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin həmin qərarın və bildirişin rəsmi qaydada borclunun ünvanına sahibinə çatdırılıb-çatdırılmaması icra məmuru tərəfindən müəyyən edilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınması qeyd edilsə də yayınmanın səbəbləri icra məmuru tərəfindən araşdırılmamışdır. Belə ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin icra şöbəsinə dəvət edilərək (gəlmədiyi halda isə məcburi gətirmə, axtarış və digər məcburi tədbirlərlə onun iştirakını təmin edilməsi) borcun ödənilməməsinin səbəbinə dair izahatı alınmamışdır. Məhkəmə iclasında iştirak edən icra məmuru isə Şəxs inzibati xəta törətməsini təsdiq edə biləcək kifayət qədər zəruri sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Baxmayaraq ki, icra məmuru tərəfindən protokol tərtib edildikdən sonra da icra iş üzrə icraat dayadırılmadığından yuxarıda qeyd edilən zəruri araşdırmalar qismən də olsa aparıla bilərdi. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsi məsələsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material icra məmuru tərəfindən əlavə araşdırma aparılaraq tamamlanması üçün Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılsın. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar