Məhkəmə qərarları › İş №3(006)-2393/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2393/2022

08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2393/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-cİ il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə 1 saylı KTM-nin həyətində yerləşən “Metadon” kabinetinin qarşısında nalayiq ifadələr işlətmiş, eyni zamanda polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra Şəxs 20-ci PB-nə gətirilərək şəxsiyyəti müəyyən edilərək barəsində inzabati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən sahə rəisi S.Ş.Abdullayev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Nəsimi RMİ-nin polis nəfəri İbrahim İbrahimov 1 saylı KTM-nin həyətində yerləşən Respublika Narkotiklə Mübarizə mərkəzinin QİTS-lə mübarizə şöbəsində yerləşən metadon kabinetində xidmətdə olarkən bir nəfər vətəndaş yaxınlaşaraq metadon qəbul etməyə gəldiyini bildirmiş, polis əməkdaşı həmin vətəndaşa hazırda həmin məhsulun bitdiyini və təxminən 1-2 saat ərzində olacağını izah etmişdir. Bu zaman həmin vətəndaş polis əməkdaşına aqressiv formada nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşı onu dəfələrlə nizam-intizama dəvət etsə də o, polisin qanuni tələbinə məhəl qoymadan öz hərəkətlərinə davam etmişdir. Daha sonra polis nəfəri İ.İbrahimov həmin vətəndaşa yaxınlaşıb onu sakitləşdirməyə və uzaqlaşdırmağa cəhd göstərsə də, həmin şəxs ona əhəmiyyət verməmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə həmin vətəndaş metadon qəbuluna yaxınlaşmış, o, yenidən ictimai qaydanı pozmuş, buna görə də polis nəfəri İ.İbrahimov polis bölməsinə məlumat vermişdir. Polis bölməsində həmin şəxsin 1991-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, sahə rəisi S.Ş.Abdullayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin “metadon” dərmanını xanımlar növbə ilə verir, onlar Şəxs dərmanın olmadığını, bitdiyini bildirsə də, sonuncu xanımların cavabından razı qalmayaraq səs-küy salmağa başlamışdır. Bundan sonra orada olan polis işçiləri həmin səs-küyə gəlmiş və Şəxs sakiltiyə riayət etməyə çağırmışlar, lakin sonuncu polislərin dəfələrlə edilmiş xəbərdarlığına baxmayaraq polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, “Respublika Narkoloji Mərkəzi”nə yaxınlaşaraq “metadon” dərmanı, yəni su istəmiş, lakin dərman verən xanımlar ona su verməmişdir. O, heç kəsə qarşı nalayiq ifadələr işlətməmiş və ictimai qaydanı pozmamışdır. Həmçinin, onun sol üz nahiyəsinə (sol gözaltı) xəsarəti polis əməkdaşı yetirmiş, bu xəsarətdən sonra onu xəstəxanaya aparmışlar. Bundan başqa, o, polis əməkdaşına heç bir müqavimət göstərməmişdir. Hadisə xəstəxananın içərisində dərman verilən yerdə baş vermişdir və həmin yerdə müşahidəedici kameralar və şahidlər də mövcud idi. Sahə müvəkkili heç bir sübut toplamadan barəsində xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o, saxlanılarkən hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş və idarədə olarkən ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə idarəsinin polis nəfəri X2 izahatında bildirmişdir ki, o, Respublika Narkotiklə Mübarizə mərkəzinin QİTS-lə mübarizə şöbəsində mühafizəçi işləyir. xx.xx.2022-ci il tarixdə bir nəfər şəxs şöbəyə gələrək “metadon” adlı dərman vəsaitini istəmiş, həmin dərmanı təqdim edən xanımlar həmin şəxsə dərmanın bitdiyini bildirmiş və sonra gəlməsini istəmiş, lakin sonuncu xanımların dedikləri ilə razılaşmamış və təkidlə dərmanı istəmişdir. Daha sonra mübahisə etməyə başlamış və o, səs-küyə getmiş, həmin şəxsi sakitləşdirməyə çalışmış və sakitliyə riayət etməsini demişdir. Lakin sonuncu, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin bildirmişdir ki, o, heç kəsi döyməmişdir, əksinə həmin şəxs onun başını yarmış, hadisə xəstəxananın çölündə baş vermişdir və orada videokamera yoxdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi RPİ-nin 20-ci PB-nə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə 1 saylı KTM-nin tərkibində yerləşən Respublika Narkotiklə Mübarizə mərkəzinin QİTS-lə mübarizə şöbəsindən “metadon” adlı dərman istəmiş, dərman olmadığına görə narazı qalmış və səs-küy yaratmışdır. Həmin səs-küyə orada mühafizə xidmətində işləyən polis əməkdaşı İ.E.İbrahimov gələrək onu sakitliyə riayət etməsinə çağırmış, lakin o, polis əməkdaşının tələbinə məhəl qoymayaraq ictimai qayda pozuntusu törətməyə davam etmişdir. Bundan sonra, polis əməkdaşı ilə aralarında mübahisə yaranmışdır. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisə xəstəxanın içərisində, yəni qəbul hissəsində baş vermiş, orada “metadon” dərmanını paylayan xanımlar və müşahidə edici kameralar olmuşdur. Lakin protokol tərtib edilərkən və hadisə ilə bağlı materiallar toplanılarkən xəstəxananın içərisində olan videogörüntülər toplanmış materiallara əlavə edilməmiş, hadisənin şahidi olmuş şəxslər, yəni dərman paylayan xanımların şahid qismində izahatları alınmamış və məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, baş vermiş hadisə ilə bağlı şahid izahatları və videogörüntülər iş materiallarına əlavə edilmədiyindən toplanmış materiallara baxmaq mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi RPİ-nin 20-ci PB-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhər Nəsimi RPİ-nin 20-ci PB-nə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar