Məhkəmə qərarları › İş №3(006)-2394/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2394/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2394/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Sahib Zeynalov 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında mühafizəçi işləyir. Qeyd edir ki, binada mənzillərdə təmir işləri görülür və bu səbəbdən də məişət tullantıları mənzillərdən çıxarılaraq binanın həyətinə yığılır və oradan da qanunvericiliyə əsasən gündüz saatlarında yük maşınlarının şəhər ərazisində hərəkəti qadağan edildiyindən, axşam saatlarında təmizlənərək aparılır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları həmin binanın ərazisinə gəlmiş, məişət tullantılarını görərək ona qanunsuz olaraq cərimə tətbiq etmişlər. Bildirsə də ki, o, orada mühafizəçidir, məişət tullantılarını o deyil, sakinlərdən kimsə atıb, buna məhəl verməmişlər. Hətta protokol tərtib edilməsindən də məlumatı olmamışdır. Belə ki, Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən EXP ******* saylı protokol və həmin protokola əsasən EPQ ******* saylı qərarla 266.3-cü maddə ilə təqsirli bilinərək, ona 300 manat inzibati cərimə yazılmışdır. Qeyd edir ki, qərar xx.xx.2025-ci il tarixli protokola əsaslanaraq tərtib edilsə də, qərar ona rəsmi verilməmiş, xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən xx.xx.2025-ci il tarixdə qərar və protokol ona təqdim edilmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP ******* saylı protokolun etibarsız hesab edilməsi, bununla bağlı 300 manat inzibati cərimə tətbiq edilməsinə dair xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv olunması və inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. X1 və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətçi və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, X2 inzibati xətanı törətməsi sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, şikayətçi ünvan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında mühafizəçi işlədiyini və binanın həyətinə məişət tullantılarının onun tərəfindən deyil, binada təmir işləri aparan sakinlər tərəfindən atıldığını qeyd edir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Lakin şikayətçinin qeyd etdiklərinə qarşılıq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 İXM-nin 266.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, şikayət təmin edilməli və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar