Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2401/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 8:30 radələrində idarə etdiyi və ona məxsus olan “CHEVROLET CRUZE” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində hərəkətdə olarkən DYP əməkdaşı onu saxlamış, qayda pozuntusuna yol verdiyini bildirərək barəsində 327.1-ci maddəsinin tələblərinin pozulması İXP ******* saylı protokol tərtib etmişdir. O, polis əməkdaşına qanunsuz protokol tərtib etdiyinə görə qəti şəkildə öz etirazını bildirsə də yenə də qərarsız protokol tərtib etmişdir. Nəzərə çatdırır ki, polis əməkdaşı onun Yol hərəkəti haqqında Qanunun 1.1, 1.3, 1.11 üfüqi nişanlama xəttlərinin tələblərini pozduğunu iddia etdi. O, isə öz növbəsində iddia edilən qayda pozuntusu ilə razılaşmadığını bildirmişdir. Belə ki, yol kənarında geri dönmək üçün heç bir yol hərəkət nişanı quraşdırılmamışdır. Əlavə olaraq bildirir ki, həmin saatda yolda çox sıxlıq olduğundan, həmçinin bütün avtomobillərin hərəkət edərək eyni istiqamətdə döndüyündən və bu səbəbdən yolun sürücüyə məlum görünə bilən hissəsi məhdud olduğundan 1.3, 1.11 üfüqi nişanlama xəttlərinin görünməsi qeyri-mümkün idi. Nəhayət, avtomobildən enən zaman həmin yolda qeyd olunan nişanlama xəttlərinin tamamilə solğun olduğunu, avtomobildə ikən görünməsinin mümkün olmadığının şahidi olmuşdir. Qərar ona rəsmi göndərilmədiyi üçün özü Bakı şəhəri Baş Polis İdarəsinə yaxınlaşaraq qərarı əldə etmişdir. Qərarı təstiq edən polis mayoru E.T.Ələkbərov qərarı ona təqdim etmək istəmirdi. Süründürməçiliyə yol verərək, vəzifəsindən düzgün yerinə yetirməkdən boyun qaçırırdı. Həmçinin, idarədə olarkən polis əməkdaşının qərarı təsdiq edərkən araşdırmadan, görüntülərə baxmadan təsdiq etdiyinin şahidi olmuşdur. Belə ki, “qərarı siz təsdiq etmisiniz, qərar sizdə olmalıdır” bildirsə də, ona “bu işlərin siyahı formasında gəldiyini və elə təsdiqləndiyini, qərarı alması üçün rəsmi müraciət etməyim lazım olduğunu” dedi. Sonda onun qəti şəkildə etirazı nəticəsində polis əməkdaşı istəksiz şəkildə qərarı imzalayaraq ona təqdim etmişdir. Bildirir ki, baş vermiş hadisədə yol polisi əməkdaşı heç bir faktiki, əsaslı sübut olmadan qərəzli şəkildə İXM haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan İXM haqqında protokol qeyri qanunidir, mənim hüquqlarım kobud şəkildə pozulmasına səbəb olur. Hesab edir ki, protokol qanunsuzdur, belə ki, İXMnin 8-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərtib etmiş orqanın vəzifəsi olduğundan polis əməkdaşına qayda pozuntusunun ona sübut edilməsi və izah edilməsi xahiş etsə də o, protokol tərtib etmiş sübutu isə idarədə olacağını bildirmişdir. Hesab edir ki, göstərilən inzibati xəta barədə iş üzrə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin və Yol Patrul Xidməti haqqında təlimatın 13.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Belə ki, bunun üçün isə protokolu tərtib etmiş DYP əməkdaşının istifadə etdiyi patrul avtomobilində qayda pozuntusunun qeydə alındığı video kameranın materiallarına baxmaq lazımdır. Ümumiyyətlə, İXM-nin 8.2-ci maddəsinə əsasən aydın olur ki, inzibati xətanın törədilmiş olmasını və həmin xətanın məhz bu sürücü tərəfindən törədildiyini sübut etmək DYP əməkdaşının vəzifəsidir. Ona görə də DYP əməkdaşının tərtib etdiyi protokol və ona əlavə olan digər materiallar (əgər varsa) əsasında qayda pozuntusu və bu pozuntuda sürücünün təqsirini sübut etmək mümkün deyildirsə, iş üzrə icraata xitam verilməlidir, hətta qayda pozuntusunun törədilmiş olmasına şübhələr olarsa, həmin şübhələr də sürücünün xeyrinə həll edilməlidir (İXM-in 8.3-cü maddəsi), yəni sürücünün təqsiri və müvafiq xətanı törətmiş olması aydın və əsaslandırılmış şəkildə sübut edildikdə, inzibati tənbeh (o cümlədən cərimə) tətbiqi barədə qərar çıxardılmalıdır. Qanunvericiliyin sadalanan tələblərindən göründüyü kimi, Baş Dövlət Yol Polisi İdarəsi yuxanda qeyd olunan İXM-nin 8-ci maddəsinin tələblərini pozmaqla idarə etdiyi və ona məxsus “CHEVROLET CRUZE” markalı, **-TR-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil üzrə xx.xx.2023-cü il tarixində inzibati xəta haqqında iş üzrə qanunsuz İXP5349352 saylı protokol tərtib etmişdir. Həmin protokoldan narazı olduğumdan, protokol yuxan səlahiyyətli orqana (vəzifəli şəxsə) tərəfindən yoxlanılmış, lakin işə baxılarkən onun iştirakı təmin edilməmiş, ona heç bir məlumat vermədən baxılaraq protokol əsaslı hesab edilmiş və bu barədə TP5696831 saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İnzibati tənbeh etmə haqqında qərar ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında TP5696831 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi N.A.Cəfərov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Şəhər BPİ-nin DYPİ-nin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyesterin 13 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Şəhər BPİ-nin DYPİ-nin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı Şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, N.A.Cəfərov xx.xx.2023-cü il tarixdə, saat 08:35-də Bakı şəhəri, Akim Abbasov küçəsində “CHEVROLET CRUZE” minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı Şəhəri DYPİ polis mayoru E.T.Ələkbərov tərəfindən saxlanılaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, N.A.Cəfərovun xx.xx.2023-cü il tarixdə, saat 08:35-də Bakı şəhəri, Akim Abbasov küçəsində “CHEVROLET CRUZE” minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə qaydasını pozması Bakı Şəhəri DYPİ polis mayoru E.T.Ələkbərov tərəfindən aşkar edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, N.A.Cəfərovun barəsində Bakı Şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, N.A.Cəfərov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən DYP-nin əməkdaşı tərəfindən izahatı şikayətinin hadisə ilə bağlı izahatı alınmamış, hadisəylə bağlı kamera görüntülərinin olub-olmaması araşdırılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhər BPİ-nin DYPİnə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2401/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2401/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver