Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2402/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında 21-ci polis bölməsinin sahə rəisi protokolu tərtib etmiş şəxs: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü cənub küçəsi, məhəllə 1921, mənzil 108-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş 07.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 06.09.2021 2021-ci il tarixdə, saat 23:50-də ünvan 1 ünvanda polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə rəisi X4 izahat verərək göstərdi ki, 07.09.2021-ci il tarixdə polis əməkdaşları xidmətdə olarkən daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, Şəxs, onunla birlikdə olan Rüfət Əliyev və Elcan Bağırov 06.09.2021-ci il tarixdə, saat 23:50 radələrində ünvan 1 ünvanda yerləşən “AF” otelin qarşısında avtomobildə olarkən həmin yerdə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarını görüb kriminal aləminə məxsus “auye jizim varam” ifadəsini işlətmişlər. Bu zaman polis əməkdaşları yaxınlaşıb etdikləri hərəkətin səbəbini soruşduqda Şəxs və digərləri onlara kobud sözlər deməklə əməllərindən peşman olmadıqlarını söyləmişlər. Polislər onları ictimai qaydaya riayət etməyə dəvət etsə də, buna məhəl qoymayıb tabesizlik nümayiş etdirməyə başlayaraq müqavimət göstərməyə çalışmışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 06.09.2021-ci il tarixdə o, Elcan və Rüfətlə birlikdə “Sosyete” adlı restoranda yeyib içdikdən sonra evə gedərkən pivə almaq üçün Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsində yerləşən marketə girmişlər. Elə bu vaxt post patrul xidmətinin əməkdaşları onun və dostlarının qarşısını kəsib işlətdikləri “auye jizim varam” ifadəsinin səbəbini soruşmuşlar. Onlar da polislərə bu ifadəni elə belə söylədiklərini, heç kimə qarşı məqsədli işlətmədiklərini bildirmişlər. Hadisə zamanı o və Elcan içkinin təsiri altında olmuş, Rüfət isə mübahisənin qarşısını almağa çalışmışdır. Daha sonra polis əməkdaşları tərəfindən bölməyə aparılmış, bu zaman onlara heç bir tabesizlik göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X5 izahat verərək göstərdi ki, 06.09.2021-ci il tarixdə iş yoldaşı Elmar İsayevlə ünvan 1 ünvanda xidmətdə olarkən Şəxs, onunla birlikdə olan Rüfət Əliyev və Elcan Bağırov onlara qarşı kriminal aləminə məxsus “auye jizim varam” ifadəsini işlətmişlər. Onlar bu şəxslərə yaxınlaşıb hərəkətlərinin səbəbini soruşmuşlar. Həmin vaxt Şəxs və digərləri onlara qarşı kobud davranışlar nümayiş etdirməyə başlamışlar. Şəxs və digərlərini dəfələrlə ictimai qaydaya əməl etməyə dəvət etsələr də, onlar buna məhəl qoymayıb hərəkətlərini davam etdirmişlər. Bu səbəbdən həmin şəxsləri raportla 21-ci polis bölməsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X6 şahid X3 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, məhkəmə iclasında aydın olur ki, Şəxs 06 sentyabr 2021-ci il tarixdə, saat 23:50 radələrində dostları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsində olarkən “auye jizim varam” ifadəsini işlətdiklərindən polis əməkdaşları onları irad bildirərək bölməyə aparmışlar. Lakin Şəxs tərəfindən polis işçisinin hansı qanuni tələbinə tabesizlik nümayiş etdirməsi, bu tələbin konkret olaraq nədən ibarət olması, eyni zamanda tabesizliyin nədə ifadə olunması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2402/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2402/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver