Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2403/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231919303 nömrəli çıxarışına və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 529 nömrəli qərarına əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus obyektdə (aptekdə) xx.xx.2023-cü il tarixində plandankənar (növbədənkənar) yoxlama aparılarkən dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 tərtib edilmiş protokolu müdafiə edərk Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, aptekdə aşkar edilmiş “Nurspazm” və “Eyespazm” məhlul-damcıları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri kimi qiymətləndirilmişdir. Lakin həmin məhlul-damcılar gigiyenik vasitədir. Belə ki, “Eyespazm” tibbi vasitəsinin istifadəsi üzrə təlimatda həmin məhlulun dərman vasitəsi olmadığı qeyd edilmişdir. Həçminin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin məhlullara xx.xx.2021-ci il tarixdə “Gigiyenik sertifikat” verilmişdir. Eyni zamanda həmin məhlullar gömrükdə dərman vasitələri kimi deyil, gigiyenik vasitələr kodu ilə qeydiyyatdan keçmişlər. Beləliklə də həmin məhlullar dərman vasitələri deyil, gigiyenik vasitələrdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 221.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, qeyd edilən tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 529 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən ünvan 2 ünvanında yerləşən Şəxs MMC-də əczaçılıq təşkilatının yoxlanılması məqsədilə, xx.xx.2023-ci il tarixdə həmin müəssisədə plandankənar (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY231919303 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi əsasında ünvan 2 ünvanında yerləşən Şəxs MMC-də aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Sanitariya – Karantin Mərkəzi» X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli gigiyenik sertifikatdan görünür ki, “Eyespazm” məhlul-damcısı gigiyenik vasitədir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Sanitariya – Karantin Mərkəzi» X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli gigiyenik sertifikatdan görünür ki, “Nurspazm” məhlul-damcısı gigiyenik vasitədir. İş materiallarında olan “Eyespazm” tibbi vasitəsinin istifadəsi üzrə təlimatdan görünür ki, qeyd edilən məhlul dərman vasitəsi deyildir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlaması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda ünvan 2 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2023-cü il tarixində plandankənar (növbədənkənar) yoxlama aparılarkən dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin aşkar edilməsi qeyd olunsa da, lakin həmin aşkar olunan məhsulların dərman vasitəsi olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Nurspazm” və “Eyespazm” məhlul-damcıları dərman vasitəsi deyil, gigiyenik məhsullardır. Beləliklə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 221.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2403/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2403/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver