Məhkəmə qərarları › İş №3(006)-2404/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2404/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2404/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, X2 qızının katibliyi, Şəxs nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Gömrük xidmətinin “X1 Sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixində **********6775 saylı gömrük bəyannaməsi üzrə Gürcüstan Respublikasına göndərilmiş “Şirin peçenye” yükünün müqabilində ödənilməli olan 7150.66 ABŞ dolları vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Nəticədə Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “N.E.A Partners” şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə uyğun olaraq 14310,32 ABŞ dolları məbləğində mallar Gürcüstan Respublikasına ixrac edilmiş, həmin mallara xarici şirkətin rəsmiləri tərəfindən baxış keçirilərkən 7150.66 dollar dəyərində müqavilədə nəzərdə tutulmuş qaydalara uyğun qablaşdırılmamış məhsullar aşkar edilmişdir. Bununla bağlı xarici şirkət tərəfindən 28 aprel 2024-cü il tarixli “qüsur akt”ı tərtib edilmişdir. Həmin məhsulların ölkəyə geri qaytarılması və müqavilə üzrə göstərilmiş qablaşdırlmada məhsulların yenidən ixrac edilməsi nümayəndəsi olduğu şirkətə baha qiymətə başa gəldiyindən onlar arasında razılıq əldə edilmiş və xarici şirkətə yarı qiymətə endirim edilmişdir. Bu baxımdan müvəkkil olan bank hesabına 14310,32 ABŞ dolları deyil, 7150.66 dolları pul geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxsn barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Gömrük xidmətinin “X1 sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında ü n v a n 2 ünvanında yerləşən Şəxs tərəfindən Gəncə Gömrük İdarəsində **********6775 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyəri 14301.32 ABŞ dolları olan vəsaitin 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına bir hissəsi 7150.66 (yeddi min yüz əlli dollar altmış altı sent) ABŞ dollarını ixracatçının hesabına köçürmüş qalan 7150.66 (yeddi min yüz əlli dollar altmış altı sent) ABŞ dolları olan vəsait köçürülməmişdir. “N.E.A Partners” şirkəti tərəfindən tərtib edilmiş 28 aprel 2024-cü il tarixli Qüsur aktından görünür ki, 27 aprel 2024-cü il tarixdə daxil olmuş mallara baxış keçirilərkən xx.xx.2024-cü il tarixli, ATS/FD-002/2024 saylı müqavilə üzrə 7150.66 dollar dəyərində qaydalara uyğun qablaşdırılmamış məhsullar aşkar edilmişdir. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının tələblərinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri) İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarına əsasən müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsiri müəyyən edilmədi. Belə ki, məhkəmə iclasında tərtib edilmiş protokolun dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, “N.E.A Partners” şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə uyğun olaraq 14310,32 ABŞ dolları məbləğində mallar Gürcüstan Respublikasına ixrac edilmiş, həmin mallara xarici şirkətin rəsmiləri tərəfindən baxış keçirilərkən 7150.66 dollar dəyərində müqavilədə nəzərdə tutulmuş qaydalara uyğun qablaşdırılmamış məhsullar aşkar edilmişdir. Bununla bağlı xarici şirkət tərəfindən 28 aprel 2024-cü il tarixli “qüsur akt”ı tərtib edilmişdir. Həmin məhsulların ölkəyə geri qaytarılması və müqavilə üzrə göstərilmiş qablaşdırlmada məhsulların yenidən ixrac edilməsi nümayəndəsi olduğu şirkətə baha qiymətə başa gəldiyindən onlar arasında razılıq əldə edilmiş və xarici şirkətə yarı qiymətə endirim edilmişdir. Bu baxımdan müvəkkil olan bank hesabına 14310,32 ABŞ dolları deyil, 7150.66 dolları pul geri qaytarılmışdır. Göründüyü kimi, valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməməsi Şəxs MMC-nin təqsiri nəticəsində deyil, xarici şirkət tərəfindən qeyd olunan vəsaitin yarı qiymətinin göndərilməsi nəticəsində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, əməldə İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda İXM-in 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Gəncə Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar