Məhkəmə qərarları › İş №3(006)-2405/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2405/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2405/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, 00100- 1392/22 (EP 0041739) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin (VÖEN: **********) ünvanına Türkiyə Respublikasının “FUJİFİLM DİŞ TİCARET A.Ş” şirkətindən MED**********465 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə göndərilmiş yüklər 34DFH705/34JR5740 nömrə nişanlı yük avtomaşınında xx.xx.2022ci il tarixdə Qərb Ərazi BGİ-nin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair 15 gündən çox müddət keçsə də şirkət tərəfindən gömrük bəyannaməsi təqdim edilməmişdir. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi R.A.Səfiyev bildirmişdir ki, Dövlət Gömrük Komitəsinə tərəflərindən sorğu verilmiş, lakin sorğuya cavabı gec aldıqlarından qanunla müəyyən edilmiş vaxtda gömrük bəyannaməsini təqdim edə bilməmişlər. Göstərinləri nəzərə alaraq Şəxs QSC-nin barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00100-1392/22 (EP 0041739) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/024/014182 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs QSC-nin ünvanına Türkiyədən 34DFH705/34JR5740 nömrəli avtomaşında (barkod: **********06628) daxil olan yükün (QİB: **********2157) “İpək Yoku” g/p-na çatması VAİS proqramında xx.xx.2022-ci il tarixdə təsdiq olunmuşdur. İdxal olunan yükə dair gömrük bəyannaməsi GM-nin 149.3-cü maddəsinə əsasən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda hələ də, təqdim edilməmişdir. Avtomaşın hazırda yüklü vəziyyətdə “İpək Yolu” g/p-da yerləşir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 sistemi” informasiya resursundan “avtomobil yolu ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 34DFH705/34JR5740 nömrəli nəqliyyat vasitəsi Şəxs QSC-nin ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixdə saat 14:31-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkəyə daxil olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin (VÖEN: **********) ünvanına Türkiyə Respublikasının “FUJİFİLM DİŞ TİCARET A.Ş” şirkətindən MED**********465 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə göndərilmiş yüklər 34DFH705/34JR5740 nömrə nişanlı yük avtomaşınında xx.xx.2022ci il tarixdə Qərb Ərazi BGİ-nin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair 15 gündən çox müddət keçsə də şirkət tərəfindən gömrük bəyannaməsi təqdim edilməmişdir. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə görə gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 nömrəli “Gömrük sərhədindən keçirılən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarın 3.6 bəndinə əsasən gömrük ərazisinə gətirən mallara dair gömrük bəyannaməsi həmin malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs QSC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar