Məhkəmə qərarları › İş №3(006)-2408/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2408/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2408/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayət vermiş şəxs: X2 iştirakları ilə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 23 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 3(006)-87/2023 saylı qərarına əsasən Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş 27 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə barədə qərar ləğv olunaraq inzibati xəta haqqında iş baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Lakin heç bir araşdırma aparılmadan, habelə heç bir sübut (görüntü və s.) təqdim edilmədən Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən 23 fevral 2023-cü il tarixdə inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. O, bu qərardan 15 may 2023-cü il tarixdə məlumatlı olmuşdur. Qeyd olunanlarla bağlı o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə də məktubla müraciət etsə də, ona rəsmi cavab verilməmişdir. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 23 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 bildirdi ki, o, 15 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” adlanan ərazidə **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidməti avtomobili tərəfindən saxlanılmış və ona heç bir sübut təqdim edilmədən, narazı olmağına baxmayaq barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Polis əməkdaşı Emin Süleymanov onun iştirakı olmadan və heç bir görüntü təqdim etmədən 27 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə barədə qərar qəbul etmişdir. O, bu qərardan narazı olduğu üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2023cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək iş baxılması üçün həmin quruma göndərilmişdir. Lakin həmin məhkəmə qərarında qeyd olunan nöqsanlar aradan qaldırılmadan və onun iştirakı təmin olunmadan işə baxılaraq yenidən onun cərimə olunması barədə qərar qəbul edilmişdir. Eyni zamanda onu qeyd edir ki, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin baş inspektoru tərəfindən ona göndərilmiş bildirişdə işə xx.xx.2023-cü il, saat 13:00-dək baxılacağı göstərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi də məhkəmə iclaslarına gəlmir, sübutları təqdim etmir. Əvvəlki məhkəmə qərarı üzrə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən heç bir araşdırma aparılmadığını nəzərə alaraq və süründürməçiliyə yol verilməməsi səbəbindən şikayətinin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Təxirə salınmış məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, eyni zamanda orqan tərəfindən də iş üzrə lazımi sübut va materiallar da təqdim olunmamışdır. Məhkəmə işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 3(006)- 87/2023 saylı qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən 27 noyabr 2022ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Daxili işlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. Bu məhkəmə prosesində də X7 İdarəsinin nümayəndəsi iştirak etməmişdir; • Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin baş inspektoru Emin Süleymanov tərəfindən qəbul edilmiş 23 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarda qeyd olunur ki, sürücü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Rövşən Səfərov küçəsində idarə etdiyi “Opel” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin tələbini pozaraq baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol vermədən hərəkəti davam etdirərək yolayrıcını keçmə qaydasını pozduğuna görə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu qərarla X4 Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir; • Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin baş inspektoru Emin Süleymanov tərəfindən X3 ünvanlanmış bildirişdə işə baxılması ilə əlaqədar ona xx.xx.2023-cü il, saat 13600-dak Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə gəlməsi bildirilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 23 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, hazırki inizbati xəta ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən 27 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə barədə qərar X2 iştirakı olmadan və zəruri araşdırma aparılmadan qəbul edilmiş, bu səbəbdən də bu qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və qanunvericiliyin tələblərinə əməl olunması üçün iş baxılması məqsədi ilə səlahiyyətli orqana göndərilmişdir. Lakin, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin baş inspektoru Emin Süleymanov tərəfindən buna əhəmiyyət verilməmiş, X3 işə 04 mart 2023cü il tarixdə, saat 13:00-dək baxılacağına dair bildirişin ünvanlanmasına baxmayaraq, 23 fevral 2023-cü il tarixdə barəsində icraat aparılan şəxsin iştirakı olmadan qərar qəbul edilmiş, bu zaman heç bir araşdırma aparılmamış, işlə bağlı digər zəruri sübutlar göstərilməmişdir. Eyni zamanda hazırki şikayətlə əlaqədar olaraq Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunması üçün təxirə salınmış iclasda onun təkrar iştirakı da təmin olunmamış, həmçinin, barəsində icraat aparılan şəxsin təqsirliliyini sübut edən heç bir sənəd, görüntü də məhkəməyə təqdim edilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan, şikayət vermiş şəxsin törətdiyi xətaya dair təqsirliliyinin mövcudluğu tam müəyyən olunmadan, əvvəlki məhkəmə qərarında göstərilən nöqsanlar aradan qaldırılmadan, bu şəxsin iş üzrə icraatın aparılmasında iştirakı təmin olunmadan və qəbul edilmiş qərarda heç bir sübut göstərilmədən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 23 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar