Məhkəmə qərarları › İş №3(006)-2413/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2413/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2413/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, X1 barəsində Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baş X5i idarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq xx.xx.2024 tarixdə, X4 klinikasının yanında, Mikayıl Rəfili küçəsinin Süleyman Rüstəm küçəsi ilə kəsişməsindən sonrakı hissəsində idarə etdiyi «Kia Cerato» markalı, ** CP *** dövlət nömrə nişanlı avtomobilini dayanmanın qadağan olmadığı yerdə (qoşmada şəkil olaraq əlavə olunub) saxlamağına baxmayaraq DYP əməkdaşları avtomobilinə İnzibati Xətalar Məcəlləsinin 346.1 (Dayanma və durma qaydalarını pozma) maddəsi ilə EQ 21165861 nömrəli protokol tərtib ediblər. Qanunsuz protokolla bağlı Daxili İşlər Nazirliyinin 102 və 902 qaynar xəttinə şifahi olaraq şikayətini bildirsə də bir neçə dəfə BDYPİ-də səlahiyyətli şəxsləri ilə görüşüb protokolun qanunsuz yazıldığını izah etsə də cəriməni silməkdən imtina etdilər. Qeyd olunan küçənin nişanlanması səhvdir, yol iki istiqamətli yol olsa da bir istiqamətli yol kimi nişanlanıb, bu haqda DYP-nin səlahiyyətli şəxsləri də onunla razılaşsalar da qanunsuz yazlılmış cəriməni silməkdən imtina edirlər. Onu da qeyd edir ki, xx.xx.2024 tarixdə də eyni yerdə 346.1-ci maddəsi ilə avtomobilinə protokol tərtib olunsa da 102 qaynar xəttinə dəfələrlə müraciətindən sonra yazılan protokol silinmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaş X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (fotoşəkil, videogörüntü, protokol, şahid və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində 15 may 2024-cü il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən X2 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd edilən əsaslarla X1 barəsində Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar