Məhkəmə qərarları › İş №3(006)-2419/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2419/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2419/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21203215 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “X5” klinikasının yanında, Mikayıl Rəfili küçəsində idarə etdiyi “Kia Cerato” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanmanın qadağan olmadığı yerdə saxlamasına baxmayaraq qanunsuz olaraq onun barəsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə EQ 21203215 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan “102” və “902” qaynar xəttlərinə şifahi olaraq şikayətlər edib və bir neçə dəfə səlahiyyətli şəxslərlə görüşüb protokolun qanunsuz yazıldığını izah etsə də, cəriməni silməkdən imtina etmişlər. Belə ki, bu küçənin nişanlanması səhvdir, yol iki istiqamətli olsa da, bir istiqamətli yol kimi nişanlanıb. Bu barədə səlahiyyətli şəxslər onunla razılaşsalar da, qanunsuz yazılmış cəriməni silməkdən imtina etmişlər. xx.xx.2024-cü il tarixdə də eyni yerdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə protokol tərtib olunsa da, “102” qaynar xəttinə dəfələrlə müraciətindən sonra həmin protokol silinmiş və ya protokolu yazan polis əməkdaşı tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21203215 saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21203215 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2024-cü il tarixdə, saat 11:43 radələrində “Kia Cerato” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanda dayanma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir; • Fotoşəkildən aydın olur ki, ehtimal olunan inzibati xəta hadisəsinin baş verdiyini ünvanda dayanmanı qadağan edən 3.27 nişanı görünmür. Beləliklə, məhkəmədə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, EQ 21203215 saylı inzibati tənbeh vermə haqqında qərarla ünvan 1 ünvanda “Kia Cerato” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə dayanma qaydaları pozulduğuna görə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunsa da, şikayətə əlavə edilmiş fotoşəkildə həmin ərazidə dayanmanı qadağan edən 3.27 nişanının olduğunu müəyyən etmək mümkün olmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin Vİ hissəsinə əsasən 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında nəqliyyat vasitələrinin dayanması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Eyni zamanda həmin Məcəlləyə əsasən: • inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işin bütün halları, o cümlədən barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21203215 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21203215 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar