Məhkəmə qərarları › İş №3(006)-2450/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2450/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2450/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(002)-1492/2016 saylı icra sənədi üzrsüz səbəbdən icra olunmur. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru V.İ.Hüseynov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(002)-1492/2016 saylı icra vərəqəsinə əsasən borclu xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2016-cı il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) miqdarında aliment tutularaq İldarova (Sultanova) Samirə Həsən qızına verilməlidir. İcra sənədi üzrə icraata xx xxxxxxx 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bundan başqa, borclu xx xxxxxx 2020-ci il tarixdə 450 manat, axırıncı dəfə xx xxxxxxxx 2020-ci il tarixdə isə 100 manat ödəməklə 7.100 manat aliment borcu qalmışdır. Bununla da, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(002)-1492/2016 saylı icra vərəqəsinə əsasən o, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2016-cı ildə başlayaraq Şəxs hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) miqdarında aliment tutularaq İldarova (Sultanova) Samirə Həsən qızına verilməsi nəzərdə tutulmuşdur. Belə ki, həmin icra vərəqəsindən məlumatı var. İcraata başlanıldığı vaxtdan indiyədək imkanı daxilində aliment borcundan hissə-hissə ödənişlər etmiş, icra sənədini icra etməkdən boyun qaçırmamışdır. Bu ilin sentyabr ayınadək 6.000 manat ödəniş etmişdir. Lakin bu il korona virusu ilə əlaqədar işləyə bilmədiyi üçün aliment borcunu ödəmək imkanı olmamışdır. Belə ki, maddi imkanı düzələn kimi aliment borcunu hissə-hissə ödəməyə davam edəcəkdir. Həmçinin bildirmişdir ki, adına hər hansı daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra mənuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar S.H.İldarova öz izahatında bildirmişdir ki, himayəsində iki uşağı var, işləmir və maddi imkanı olduqca aşağı olduğuna görə uşaqlarına baxa bilmir. Borclu Şəxs alimnet ödənişlərini vaxtlı-vaxtında ödəmir, ödəsə də aliment borcunu tam ödəmir. Hazırda övladının qolu qırılıb onu həkimə aparmaq üşün maddi imkanı yoxdur. Əlavə olaraq bildirdi ki, borclu yalnız icra məmuru tərəfindən dəfələrlə çağırıldıqdan və məcbur edildikdən sonra ödənişlər edir. İndiyənədək 7.100 manat aliment borcu yaranmış və borcun birdəfəlik ödənilməsini tələb edir. Sonda borclu Şəxs barəsində inzibati qaydada həbs tənbeh növünün tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(002)-1492/2016 saylı icra vərəqəsinə əsasən borclu xx xxxxxxxx 2012-ci il təvəllüdlü İldarlı Əkbər oğlunun və xx xxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2016-cı ildə başlayaraq Şəxs hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) miqdarında aliment tutularaq İldarova (Sultanova) Samirə Həsən qızına verilməlidir. İş materiallarında olan ******* saylı protokola əlavədən görünür ki, icra işi ilə əlaqədar xx xxxxxxx 2017-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin icra sənədi könüllü müddət ərzində icra edilməmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyə əmlakların olub-olmamamını müəyyənləşdirmək üçün aidiyyatı orqanlara sorğular verilmiş lakin borclunun adına heç bir əmlak növü aşkar edilməmişdir. Borlcu Şəxs dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq o borcu tam şəkildə ödəməmişdir. xx xxxxxx 2018-ci il tarixdə borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 3(006)-2344/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən təqdimat təmin edilərək borclu 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra borclu Şəxs müxtəlif vaxtlarda şöbəyə dəvət edilərək izahatı alınmış, o öz izahatdında imkan olmadığından ödəniş edə bilmədiyini, borcu yalnız hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli olaraq yayınmaqdadır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(002)-1492/2016 saylı icra vərəqəsindən görünür ki, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2016-cı ildə başlayaraq Şəxs hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) miqdarında aliment tutularaq İldarova (Sultanova) Samirə Həsən qızının xeyrinə ödənilməlidir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin xx xxxxxxx 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(002)-1492/2016 saylı icra vərəqəsinin icraatına başlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin Şəxs ünvanladığı xx xxxxxxx 2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan tələbkar S.H.İldarovanın 17 may və xx xxxxxx 2018-ci il tarixli ərizələrinin surətindən görünür ki, Şəxs aliment borcunu vaxtında ödəmir, maddi ehtiyaclarının qarşılanmasında çətinliklər yaradır, sonuncunun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin Şəxs ünvanladığı xx xxxx 2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə cinayət məsuliyyəti yarandığı bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki,Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(002)-1492/2016 saylı icra vərəqəsindən görünür ki, xx xxxxxxxx 2012-ci il təvəllüdlü İldarlı Əkbər oğlunun və xx xxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2016-cı ildə başlayaraq Şəxs hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) miqdarında aliment tutularaq İldarova (Sultanova) Samirə Həsən qızının xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, icra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilmiş, lakin onun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir. Hal-hazırda borclu Şəxs 7.100 manat aliment borcu yaranmış nəticədə onun barəsində xx xxxxxxx 2020-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qeyd olunan qərarın icrası ilə bağlı borclu Şəxs barəsində əvvəllər də inzibati tənbeh tədbir kimi həbs seçilməsinə baxmayaraq onun tərəfindən könüllü olaraq konkret heç bir hərəkət və ya hərəkətlər edilməmiş, qismən ödənilən məbləğlər yalnız icra məmurun dəfələrlə etdiyi xəbərdarlıq və təsir tədbirləri nəticəsində baş vermişdir. Hazırda yaranan 7.100 manat aliment borcu xx xxxx 2016-cı il tarixdən bu günədək olan borcdur. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra və Probasiya şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar