Məhkəmə qərarları › İş №3(006)-2460/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2460/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2460/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı Şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X3, X1 iştirakları ilə, Bakı Şəhər BPİ-nin X8 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər BPİ-nin X8 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun idarə etdiyi “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili barəsində İXM-nin 346.1-ci maddəsinin tələbini pozması ilə bağlı X8 tərəfindən protokol tərtib edilmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52 və 64-cü maddələrinə əsasən tərtib edilmiş protokol əsassızdır. Belə ki, həmin Qanunun 52-ci maddənin İV hissəsinin 10-cu bəndində qeyd edilir ki, 3.27 dayanma - durma qadağandır nişanı 1.4 nişanlanma xəttinin təsiri zonalarında qüvvədədir. Əlavə olaraq həmin Qanunun 64-cu maddəsinin Vİİİ hissəsinin 3cü bəndində deyilir: 3.27 nişanı 1.4 nişanlanma xətti ilə birlikdə tətbiq edilə bilər, bu zaman nişanın qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. Protokolun tərtib edildiyi ərazidə quraşdırılan 3.27 nişanı 1.4 nişanlanma xətti ilə birlikdə tətbiq edilmişdir (foto şəkillər qoşmadadır). Yuxarıda qeyd etdiyi maddələrə əsasən avtomobili saxladığı yerdə 3.27 nişanı qüvvədə deyildir. Bütün bunları nəzərə alaraq protokolu qanunsuz hesab edir. Bu barədə aidiyyəti üzrə şikayət ünvanlamasına baxmayaraq şikayəti təmin edilməmişdir. Göstərilənlərə əsasən İXM-nin maddələrinə görə əməlində inzibati xəta olmadığından xx.xx.2022-ci il tarixli, EQ ******* saylı qərarın ləğv olunması və yazılan cərimənin silinməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi F.F.Mirzəyev şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi N.V.Ələkbərzadə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, F.F.Mirzəyev həmin tarixdə, saat 12:04-də ünvan 1 ünvanında “Ford Focus” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuş və bununla da, barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, F.F.Mirzəyev həmin tarixdə, saat 12:04-də ünvan 1 ünvanında “Ford Focus” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən DYP-nin əməkdaşları tərəfindən onun orada olması və “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmadan barəsində dayanma və ya durma qaydalarını pozması halına yol verməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, F.F.Mirzəyev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ünvan 1 ünvanında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 8-ci hissəsinin 3-cü bəndində göstərilmiş 3.27 nişanı qüvvədə olmamışdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, F.F.Mirzəyevin barəsində Bakı Şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 3-cü bəndinə əsasən nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. 3.10, 3.27—3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi F.F.Mirzəyevin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar