Məhkəmə qərarları › İş №3(006)-2460/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2460/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2460/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, o, xx.xx.2024-cü il tarixədək Ucar Rayon Mərkəzi X7 Şəxsinin direktoru vəzifəsində işləmişdir. İşlədiyi dövrdə xx.xx.2024-cü il tarixdə xəstəxananın xəstə xidmətləri şöbəsində qeydiyyatçı işləyən X5 öz səhlənkarlığı səbəbindən iş növbəsi başa çatdıqdan 20 dəqiqə sonra saat 09:20 dəqiqədə pilləkan olaola təkərli vasitələr üçün nəzərdə tutulmuş yolla hərəkət etmiş və nəticədə yıxılaraq xəsarət almışdır. İşçinin xəsarət alması barədə tərəflərindən dərhal müvafiq dövlət orqanına məlumat verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsində araşdırma aparılmiş və hadisədən 4 ay 22 gün keçəndən sonra xx.xx.2024-cü il tarixdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə 1000 manat cərimə edilməyim barədə şöbə rəisi tərəfindən MN ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutülan tədbirlərin yerinə yetirilməməsinə görə - yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qeyd edilən maddə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Ucar Rayon Mərkəzi X7 Şəxsində isə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilmişdir. Xəstəxanada təkərli vasitələr üçün yol nəzərdə tutulması vacibdir, həmin yoldan başqa digər insanların hərəkəti üçün də pilləkənlər vardır. Hətta azyaşlı uşaqlar da təkərli vasitələr üçün nəzərdə tutulmuş yolla insanların hərəkət etməməli olduqlarını bilirlər, buna görə də işəgötürənin işçinin həmin yolla hərəkət etməsi nəticəsirdə xəsarət almasına görə məsuliyyətə cəlb edilməsi düzgün deyil. Digər tərəfdən hesab edir ki, inzibati xətalar qanunvericiliyinin məqsədi şəxslərə inzibati tənbeh vermək deyil. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi mənim işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin etməyi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirməyi üçün öz təkliflərini də bildirməli olmuşdur. Məsələn, xəstəxanada təkərli vasitələr üçün nəzərdə tutulmuş yol ləğvmi edilməlidir? Bununla bağlı şöbənin təklifi ona cox maraqlıdır. Beləliklə, hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Ona görə də hesab edir ki, qeyd edilən qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X9 bildirmişdir ki, X5 xx.xx.2024-cü il tarixində saat 21:00 radələrində “Ucar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili təxirə salınmaz tibbi yardım şöbəsinə iş yerinə gəlmiş, işə başlamazdan əvvəl Şöbə müdiri tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə şifahi təlimatlandırılmışdır. Növbədə olarkən müraciət edən xəstələrin qeydiyyatlarını aparmış, növbəni təhvil verib təqribən saat 09:20 radələrində Təcili təxirə salınmaz tibbi yardım şöbəsin pilləkənində olan əlil arabaları və xərəklər üçün nəzərdə tutulmuş pandus ilə aşağı düşərkən yer səthində sol ayağının qəfil büdrəməsi və müvazinətini itirərək yıxılması nəticəsində sol ayağından xəsarət almışdır. Daha sonra M.Quliyeva rentgen aparatından müayinədən keçirilmiş, cərrah tərəfindən sol ayağına kips qoyularaq tibbi yardım göstərilərək ambulator müayinə üçün evə buraxılmışdır. “Ucar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 18-1-77/2-217/2024 nömrəli məktubda X2 poliklinka şöbəsinin cərrahi kabinetinə “Sol ayaq darağının sümüklərinin sınığı” diaqnozu ilə müraciət etmiş, lazımi təyinat və müayinə olunmuş, kips-langet qoyulduğu qeyd edilmişdir. “Ucar rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən təqdim edilmiş xx.xx.2024-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli “Əmək Qabiliyyətinin olmaması vərəqəsi”ndə X3 “Sol ayağın qayığabənzər sümüyün qapalı az yerdəyişmə sınığı “ diaqnozunun təyin edildiyi göstərilmişdir. X5 aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi barədə ekspert rəyindən çıxarış verilməsinə köməklik göstərilməsi üçün Ucar rayon Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə xx.xx.2024-cü il tarixli 3-17-5/2-104/2024 nömrəli məktubla müraciət olunmuşdur. Ucar rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-457/2-012236/2024 nömrəli məktubunda X2 xx.xx.2024-cü il tarixdə Xəstəxananın həyətyanı sahəsində pilləkənlərdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğunda araşdırma aparılmış və təhqiqat zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin (sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci abzasının (işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir...) tələbləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 6-2 nömrəli “16” fevral 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr”in "xxxx" bölməsinin 2.2-ci bəndinin (Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsin nəzarət) tələbləri pozulmuşdur. Buna görə də həmin araşdırma nəticəsində inzibati xəta haqqında protokol və müvafiq qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə Ucar Rayon Mərkəzi X7 Şəxsinin direktoru X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222.1-ci maddəsinə əsasən işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. Məhkəmə iclasında və iş materiallarında olan xx.xx.2024-cü il tarixli təhqiqat aktından müəyyən olunmuşdur ki, X5 xx.xx.2024-cü il tarixində saat 21:00 radələrində “Ucar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili təxirə salınmaz tibbi yardım şöbəsinə iş yerinə gəlmiş, işə başlamazdan əvvəl Şöbə müdiri tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə şifahi təlimatlandırılmışdır. Növbədə olarkən müraciət edən xəstələrin qeydiyyatlarını aparmış, növbəni təhvil verib təqribən saat 09:20 radələrində Təcili təxirə salınmaz tibbi yardım şöbəsin pilləkənində olan əlil arabaları və xərəklər üçün nəzərdə tutulmuş pandus ilə aşağı düşərkən yer səthində sol ayağının qəfil büdrəməsi və müvazinətini itirərək yıxılması nəticəsində sol ayağından xəsarət almışdır. Göründüyü kimi, işçi X5 hər bir şəxs üçün nəzərdə tutulmuş pilləkənlə yox, Təcili təxirə salınmaz tibbi yardım şöbəsin pilləkənində olan əlil arabaları və xərəklər üçün nəzərdə tutulmuş pandus ilə aşağı düşmüşdür. Buna görə də X2 yer səthində sol ayağının qəfil büdrəməsi və müvazinətini itirərək yıxılması nəticəsində sol ayağından xəsarət alması özünün ehtiyatsızlığından olmuşdur. Belə olan halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Belə olan halda, Ucar Rayon Mərkəzi X7 Şəxsinin direktoru X4 Azərbaycan Respublikasının İXM-nin 199-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərar ləğv edilsin və və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar