Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2461/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1, şikayətçi X2 nümayəndəsi və vəkili “Qanunçuluq” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv dəyişdirilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 02 dekabr 2021-ci il tarixdə 4 (dörd) nəfər işçi ilə əmək müqaviləsi bağlamaq üçün həmin 4 (dörd) nəfərin əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə yükləmişdir. Əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yükləndiyi gün işçilər Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman. Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində işə başlamışdır. Lakin həmin gün elektron informasiya sistemində nasazlıq yaranması ucbatından əmək müqaviləsi bildirişi 02 dekabr 2021-ci də tarixində deyil, 03 dekabr 2021-ci il tarixində qeydiyyata alınmışdır. Əmək müqaviləsinin qeydiyyata alındığı gündən bir gün qabaq, yəni 02 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yoxlama keçirilmiş, əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yüklənmiş 4 (dörd) nəfər işçinin əmək müqaviləsinin qeydiyyata alınmadığı aşkar edilmişdir. Bununla bağlı yoxlama keçirən qurum tərəfindən akt tərtib edilərək X7 Xidmətinə göndərilmişdir. X7 tərəfindən 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı protokol əsasında, barəsində 07 yanvar 2022-ci il tarixdə, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərar ona rəsmi qaydada 13 yanvar 2022-ci il tarixdə verilmişdir. Hesab edir ki, barəsində müəyyən edilmiş cərimə ədalətli deyildir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən vəzifəli şəxslər əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə üç min manatdan beş min manatadək cərimə olunurlar. Həmin Məcəllənin 75.0.4-cü maddəsinə asasan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməlidir. Həmçinin, həmin Məcəllənin 32.1.1 va 32.1.7-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı va törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xata töratmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Bundan başqa, qeyd edilmişdir ki, həmin 4 (dörd) nəfər işçi yalnız əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yükləndikdən sonra işa başlamışdır ki, bu əslində elə işəgötürən olaraq onun onlarla əmək müqaviləsi bağlamaq niyyətində olduğunu göstərir. Sistemdə yaranmış nasazlıq və onun diqqətsizliyi ucbatından əmək müqaviləsi bildirişləri sistem tərəfindən bir gün sonra qeydiyyata alınmaqla tərəfindən inzibati xəta törədilmişdir. Çox təəssüf ki, X7 Xidməti inzibati xəta haqqında inzibati tənbeh qərarı verərkən yuxarıda qeyd edilən nüansları diqqətə almamışdır. Ona görə də hesab edir ki, 4.500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi ədalətli olmamışdır. Bütün hallar nəzərə alınaraq onun 3.000 (üç min) manat məbləğində cərimə edilməsinin ədalətli olacağını hesab edir. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqunda qərar dəyişdirilərək, 4.500 (dörd min beş yüz) manat məbləğində cərimə 3.000 (üç min) manat məbləğində cərimə ilə əvəz olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.M.İsmayılovun nümayəndəsi və vəkili E.V. Behbudov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X7 inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş yüngülləşdirici halları nəzərə almadan qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini və cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Ə.C.Əsədullayev şikayətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığın bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, R.M.İsmayılov Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov Qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində xx.xx.2021-ci il tarixdə, saat 10:35-də X3 və digər 03 (üç) nəfəri əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etmiş, buna görə də R.M.İsmayılov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.M.İsmayılov tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, buna görə də sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4.500 (dörd min beş yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, R.M.İsmayılov Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov Qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində xx.xx.2021-ci il tarixdə, saat 10:35-də X3 və digər 03 (üç) nəfəri əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etmiş, buna görə də R.M.İsmayılov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarla sonuncu 4.500 (dörd min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd edilən qərar qəbul edilrəkən R.M.İsmayılovun barəsində tətbiq edilmiş inzibati tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31–34-cü maddələrinin tələblərinə uyğun olmamışdır. Belə ki, işin hallarından göründüyü kimi R.M.İsmayılovun niyyəti E.A.Rəfiyev və digər 03 (üç) nəfərin əmək müqaviləsi bildirişini xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə yükləmək olsa da, həmin gün yaranmış texniki nasazlıq və diqqətsizlik səbəbindən sistemə yükləniş yalnız bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə baş tutmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən R.M.İsmayılovun yol verdiyi inzibati xətanın xarakteri, şəxsiyyətini xarakretizə edən hallar, onun niyyəti, təqsirinin dərəcəsi, səmimi peşmançılığı və törədilmiş inzibati aradan qaldırmasını və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödəməsini, habelə məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, R.M.İsmayılovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulan ağır tənbehin (4.500 (dörd min beş yüz) manatadək məbləğdə cərimə) tətbiq edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş ədalətlilik prinsipinə uyğun olmamışdır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv surətdə baxaraq, öz daxili inamına əsaslanaraq, iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, şikayət qismən təmin olunmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilsin və X6 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2461/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2461/2022
27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver