Məhkəmə qərarları › İş №3(006)-2462/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2462/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2462/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu Şəxs (FİN: xxxxxxx) barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan aydın olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı ünvanda kart vasitəsilə pulla qumar oynamışdır. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, hadisə ilə bağlı inzibati xəta haqqında protokolda qumar oyununun ləvazimatı kimi kartların, qumara qoyulmuş əşya kimi isə pul vəsaitinin göstərilməsinə baxmayaraq, həmin xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetlər müəyyən edilməmiş, onların olduğu yerin müəyyən edilməsi üçün hər hansı hərəkətlər aparılmamış, həmin əşyalar maddi sübut kimi tanınaraq müvafiq qaydada sənədləşdirilməmiş, habelə həmin predmetlər barəsində protokolda qeydlər edilməmişdir. Halbuki qeyd edilən Məcəllənin müvafiq maddəsinin sanksiyasında cərimə cəzası ilə yanaşı oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlakların müsadirəsi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Qeyd edilən Məcəllənin 77.2-ci maddəsinə görə maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənləri əsas tutaraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-77-ci və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar