Məhkəmə qərarları › İş №3(006)-2463/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2463/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2463/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, xx xxxxxx 1975-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:50 radələrində S.Rəhimov 213 ünvanında dostları ilə birlikdə qumar oynamış, bununla da Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 3(006)-2463/2020 saylı bildirişlərdən görünür ki, Şəxs qeydiyyatda olduğu və yaşadığı Bərdə rayonu, Uğurbəyli kəndinə Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxxxxx 2020-ci il tarixli reyestrin 02 sıra nömrəsi ilə). Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:50 radələrində S.Rəhimov 213 ünvanında dostları ilə birlikdə qumar oynamış, bununla da Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi tərəfindən tərtib olunmuş raportdan görünür ki, polis əməkdaşları həmin tarixdə 22-ci PŞnin inzibati ərazisində xidmət apararkən saat təxminən 20:50 radələrində S.Rəhimov küçəsinin qarşısında tanımadıqları şəxs onlara yaxınlaşaraq həmin ünvanda bir neçə şəxsin uca səslə danışaraq mübahisə etdiyini bildirmişdir. Onlar dərhal həmin ünvanda yaxınlaşdıqda mənzilin qapısı açıq vəziyyətdə bir neçə şəxsin qumar oyunlarını kartla oynayaraq (stolun üzərində müəyyən məbləğ pul) mübahisə edirdilər. Mənzilin giriş hissəsində qumar oyunun dayandırılmasını mübahisəyə son qoyulmasına tələb edərək 4 nəfər şəxsi 22-ci PŞ-nə dəvət edərək Növbətçi Hissəyə təhvil vermişlər. Daha sonra onun xx xxxxxx 1975-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə Nəsimi RP-nin 22-ci PŞ-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş aktdan görünür ki, həmin tarixdə, saat 21:10 radələrində S.Rəhimov küçəsi, ev 213, mənzil 6 ünvanında müvəqqəti kirayə yaşayan Ş.Ə.Rüstəmov və onun yanına toplaşmış Şəxs, Əliyev Rövşən Əsgər oğlu, X1 iştirakı ilə akt tərtib edilmiş və həmin şəxslərin qanunsuz qumar oynadıqları zaman disk, 43 (qırx üç) manat və oyun kartı götürülmüşdür. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 23:50 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 2/9197 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Ş.Ə.Rüstəmov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət olmuş oyun kartı və 43 (qırx üç) manat pul vəsaiti müsadirə edilməklə 400 manat məbləğində cərimə edilmiş, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk inzibati işin materiallarında saxlanılmışdır. Beləliklə də, məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:50 radələrində S.Rəhimov küçəsi, ev 213, mənzil 6 ünvanında müvəqqəti kirayə yaşayan Ş.Ə.Rüstəmov və dostları ilə birlikdə qumar oynamış, bu hal polis əməkdaşı tərəfindən aşkar edildiyindən akt tərtib edilərək kartlar və stolun üstünə qoyulmuş pullar götürülmüş və Şəxs iştirakı ilə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 525-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 450 (dörd yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar