Məhkəmə qərarları › İş №3(006)-2472/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2472/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2472/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protocol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən Nəsimi rayonu Nəsimi Bələdiyyəsinin sədri X5 barəsində MN № ******* nömrəli 22 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında 1 (bir) ədəd yeni əkilmiş (çinar) tingin qanunsuz götürülərək yerinin dəyişdirilməsi göstərilmiş, qanunvericiliyin tələbi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.3-cü və 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə pozulması qeyd olunmuşdur. Bununla əlaqədar, ona İXM-nin 253-1.2.2ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 5.000 (beş min) manat məbləğində cərimə tətbiq edilmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə xanım Məmmədova xx.xx.2022-ci il tarixli, 19/01 (daxil olma 02-288) nömrəli məktubla Nəsimi rayonu Nəsimi Bələdiyyəsinə müraciət edərək Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında, yəni Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (əvvəllər “AzərTac”ın yerləşdiyi bina) yerləşdiyi binanın qarşısında çoxdan qurumuş, yaşlı ağacın sözügedən binanın ümumi görünüşünü və prospektin mənzərəsini korladığı üçün həmin qurumuş ağacın kəsilib götürülməsinə köməklik göstərilməsini xahiş etmiş, o cümlədən həmin ərazidə bir neçə ağacın əkilməsi və qulluq edilməsinin nəzərdə tutulduğunu qeyd ededərək, öhdəçilik götürmüşdür. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının müraciətinə əsasən Nəsimi rayonu Nəsimi Bələdiyyəsi xx.xx.2022-ci il tarixdə, 01-209/02-288 nömrəli müraciət məktubu ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinə Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yerləşən sözügedən qurumuş ağac barəsində ekspertiza rəyinin verilməsi üçün müraciət etmişdir. Nəsimi rayonu Nəsimi Bələdiyyəsinin müraciətinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 22/456 nömrəli müraciət məktubu ilə Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarında yarıquru, gövdəsi çürüyərək qəzalı vəziyyətdə olan ağacın götürülməsinə dair xx.xx.2022-ci il tarixli, ER- 22/220 nömrəli rəy mövcud qanunvericiliyin tələblərinə əsasən müvafiq qərar qəbul edilməsi üçün Nəsimi rayonu Nəsimi bələdiyyəsinə və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilmişdir. Sözügedən rəydə Nəsimi rayonu, Bülbül prospekti 18- 30 ünvanında, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarındakı 1 (bir) ədəd “Safora” (d=32 sm) ağacı yarıquru, gövdəsi çürüyərək qəzalı vəziyyətdə olduğu üçün yerində yeni tingin dərhal əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi göstərilmişdir. Rəyin qeyd hissəsində Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarındakı yarıquru, gövdəsi çürüyərək qəzalı vəziyyətdə olan 1 (bir) ədəd “Safora” (d=32 sm) ağacının götürülməsi ilə bağlı işlər mütləq “Yaşıllıqların götürülməsi qaydası”na uyğun həyata keçirilməli və bu işlərin nəticəsi barədə rəsmi məlumatın (təsdiqedici sənətlərlə) aidiyyəti üzrə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməli olduğu qeyd edilmişdir. Daha sonra, Nəsimi rayonu Nəsimi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01-212/02-293 nömrəli məktubu ilə Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət olunmuş, yuxarıda qeyd edilənləri nəzərə alaraq Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarında 1 (bir) ədəd "Safora" (d=32 sm) ağacının götürülməsi ilə bağlı işlərin mütləq "Yaşıllıqların götürülməsi qaydasına uyğun həyata keçirilməli, bu işlərin icrası zamanı ekoloji tələblərə uyğun qaydada ağacın götürülməsi zamanı aidiyyəti üzrə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Nəsimi rayonu Nəsimi Bələdiyyəsinin əməkdaşlarının iştirakı və ya məlumatın (təsdiqedici sənədlər) aidiyyəti üzrə təmin edilməli olduğu bildirilmişdir. O cümlədən Nəsimi rayonu X1 daimi komissiyasının xx.xx.2022-ci il tarixli, EP-2203-01 nömrəli protokolundan çıxarış, ekspertiza rəyinin surəti və yaşıllığın götürülməsi vərəqi Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndərilmişdir. Əlavə olaraq qeyd edirik ki, müvafiq rəy və icazələr alındıqdan sonra qanunvericiliyin tələbinə uyğun qaydada sözügedən 1 (bir) ədəd "Safora" (d=32 sm) ağacı Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən götürülmüş, daha sonra yerində 1 (bir) ədəd ting (çinar) əkilmişdir. Lakin Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarında əkilən 1 (bir) ədəd ting (çinar) Nəsimi rayonu Nəsimi Bələdiyyəsinə məlum olmayan şəxs və ya şəxslər tərəfindən çıxarılmışdır. Bununla bağlı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Nəsimi rayonu Nəsimi Bələdiyyəsinin sədri barəsində MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.3-cü və 253-1.2.2-ci maddəsinə əsasən (yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə barəsində 5.000 (beş min) manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd edilmişdir ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. Belə olduğu halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən inzibati xətanın kim tərəfindən törədilməsi sübuta yetirilmədiyindən və bunu sübut yetirəcək hər hansı vasitənin olmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar ləğv olunmalıdır. Odur ki, inzibati xətanın kim tərəfindən törədilməsi sübuta yetirilmədiyinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qərəzlidir və hüquqazidd əməl sayılmaqla ləğv olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 iyun 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi C.Q.Bəşirov bildirmişdir ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 8.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Yeni əkilmiş ağacın mühafizəsi bələdiyyəyə aiddir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın qüvvədə qalmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə lazımi qaydada məlumat verilsə də, şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında 01 ədəd yeni əkilmiş tingin çıxarılaraq yerinin dəyişdirildiyi müəyyən edilmiş və buna görə də Nəsimi Rayon Bələdiyyəsinin sədri Ə.F.Zeynalov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.3 və 253-1.2.2-ci maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında 01 ədəd yeni əkilmiş (çinar) tingin qanunsuz götürülərək yerinin dəyişdirilməsinə görə Nəsimi Rayon Bələdiyyəsinin sədri Ə.F.Zeynalov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 5.000 (beş min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən Nəsimi rayon Bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 19/01 saylı məktubunun surətindən görünür ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yerləşən Kinematoqrafçılar İttifaqının binasının qarşısında çoxdan qurumuş, yaşlı ağac binanın ümumi görünüşünü və prospektin mənzərəsini korlayır. Həmin qurumuş ağacın kəsilib oradan götürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinin xx.xx.2022-ci il tarixli, ER-22/220 saylı rəyinin surətindən görünür ki, Nəsimi rayonu, Bül-bül prospekti 18-30 ünvanında, Azərbaycan Kinematoqrafçılar ittifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarındakı 1 ədəd Safora (d=32sm) ağacı yarıquru, gövdəsi çürüyərək qəzalı vəziyyətdə olduğu üçün yerində yeni tingin dərhal əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməlidir. Əsas: Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.2.4-cü yarımbəndi; 11 saylı RETSl-nin 2022-ci il 1 mart tarixli, 26/222/d nömrəli məktubu ilə daxil olmuş 2022-ci il 1 mart tarixli, 172 nömrəli baxış aktı və ona əlavə edilmiş fotoşəkillər. Əlavə: Bu rəy yalnız Nəsimi Rayon İcra Hakimiyyəti və ya Nəsimi Bələdiyyəsi tərəfindən sözügedən qəzalı ağacın götürülməsi barədə qərar qəbul edilməsi üçün əsasdır. Müvafiq qurum bu rəyi aldığı gündən 5 (beş) gün ərzində sözügedən qəzalı ağac barədə qərar qəbul etməli, həmin qərarın (və müvafiq olaraq "Yaşıllığın götürülməsi vərəqi"nin) surətini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərməli, “Yaşıllığın götürülməsi vərəqi" tərtib edildikdən sonra həmin qəzalı ağacın götürülməsini təmin etməlidir, əks halda bu rəyin tələbləri pozulmuş hesab ediləcək və inzibati tədbirlər görüləcəkdir. Ekoloji tələblər: "Yaşıllığın götürülməsi vərəqi" tərtib edildikdən sonra həmin qəzalı ağacın götürülməsi zamanı 11 saylı RETSİ-nin nəzarəti (əvvəlcədən verilmiş rəsmi melumat əsasında) mütləq təmin edilməli, yaşıllığın kompensasiyası məqsədi ilə götürülən ağacın yerində yeni ting dərhal əkilməli, əmələ gələn oduncağın təyinatı üzrə istifadəsi təmin edilməli, yeni əkilən tingə mütəmadi aqrotexniki qulluq göstərilməli, kök boğazı əirafında minimum 1 metr diametrli açıq torpaq səthinə malik qida sahəsi yaradılmalı, ağacın d gər qalıqları bu növ tullantılar üçün nəzərdə tutulmuş yerlərə daşınmalı, ərazidəki digər ağacların köküstə inkişafda qalması təmin edilməlidir. Qeyd: Nəsimi rayonu, Bül-bül prospekti 18-30 ünvanında, Azərbaycan Kinematoqrafçılar İttifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarındakı yarıquru gövdəsi çürüyərək qəzalı vəziyyətdə olan 1 ədəd Safora ağacının götürülməsi ilə bağlı işlər mütləq “Yaşıllıqların götürülməsi Qaydasına uyğun həyata keçirilməli və bu işlərin nəticəsi barədə rəsmi məlumat (təsdiqedici sənədlərlə) aidiyyəti üzrə 11 saylı RETSİ-yə təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri rəsmi məktubla Nəsimi Rayon Bələdiyyəsinə müraciət edərək Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yerləşən Kinematoqrafçılar İttifaqının binasının qarşısında bir yaşlı ağacın çoxdan quruduğunu, həmin ağacın binanın ümumi görünüşünü və prospektin mənzərəsini korladığını, həmin qurumuş ağacın kəsilib oradan götürülməsinə köməklik göstərilməsini xahiş etmiş, həmin müraciət əsasında Nəsimi Rayon Bələdiyyəsinin sədri aidiyyəti qurumlara sorğu verməklə və ekspertiza rəyini almaqla həmin ünvanda yerləşən 1 ədəd Safora (d=32sm) ağacı Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən götürülmüş, daha sonra yerində 1 (bir) ədəd ting (çinar) əkilmişdir. Lakin yeni əkilən 1 (bir) ədəd ting (çinar) bələdiyyəyə məlum olmayan şəxs və ya şəxslər tərəfindən çıxarılmışdır. Bundan sonra həmin ağacın oradan götürülməsinə görə Nəsimi Rayon Bələdiyyəsinin sədri barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253-1.3 və 253-1.2.2-ci maddələri ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qəbul edilmişdir. İşin hallarından göründüyü kimi Nəsimi Rayon Bələdiyyəsi tərəfindən qanunvericiliyə riayət olunmaqla, müvafiq qurumlara sorğu verilməklə və ekspertiza rəyi alınmaqla Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında 01 ədəd “Safora” adlı ağac götürülmüş və yerində 01 ədəd yeni ting əkilmişdir. Lakin bələdiyyəyə məlum olmayan naməlum şəxslər tərəfindən yeni əkilən ting yerindən çıxarılmışdır. Məhkəmə bununla da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol və qərar qəbul edilərkən inzibati xəta hadisəsinin kim tərəfindən törədilməsi müəyyən edilməmiş, məhz həmin ağac Nəsimi rayonu ərazisində yerləşdiyindən və “Yaşıllığın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən həmin ağacın mühafizəsinə nəzarət Nəsimi Rayon Bələdiyyəsinə aid edildiyindən həmin bələdiyyənin sədri Ə.F.Zeynalov barəsində əsassız olaraq protokol və qərar qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçinin barəsində tərtib edilmiş protokolda və qəbul edilmiş işin hallarına tam qiymət verilməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, tərtib edilmiş protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddədə deyilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati tənbeh verən orqan şəxsin təqsirini sübut etməlidir. Təqsir inzibati xəta tərkibinin əsas komponentidir. Təqsir olmadan inzibati xəta tərkibi yarana və beləliklə həmin əmələ görə məsuliyyət nəzərdə tutula bilməz. Təqsir isə baş verən hadisə ilə törədilən əməl arasında səbəb-nəticə əlaqəsinin mövcud olmasıdır. Əgər hadisənin baş verməsinə səbəb həmin əməl deyilsə və ya həmin əməlin nəticəsində müvafiq hadisə baş verməyibsə bu əməl ilə hadisə arasında səbəb-nəticə əlaqəsinin olmaması deməkdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati cərimə tətbiq edilmiş Ə.F.Zeynalovun əməlində inzibati xəta hadisəsi yoxdur. Həmçinin Ə.F.Zeynalovun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Hazırkı iş üzrə barəsində inzibati cərimə tətbiq edilmiş Ə.F.Zeynalova münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar