Məhkəmə qərarları › İş №3(006)-2472/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2472/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2472/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxxx 1987-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Dövlət Sərhəd Xidmətində baş gizir vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ilə N.B.Vəzirov küçəsinin kəsişməsində idarə etdiyi “Toyota Prius” markalı **-FP-*** dövlət nömrə nişanlı avtomobil ilə N.B.Vəzirov küçəsi ilə hərəkət edərək “Yol ver” yol nişanının tələblərini pozaraq yol ayrıcına daxil olmuş və C.Məmmədquluzadə küçəsi ilə “Baş yol” yol nişanının təsiri altında hərəkət edən “Hyundai İ30” markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və “Hyundai İ30” markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 16:45 radələrində yol vərəqi ilə idarə etdiyi «Toyota Prius» markalı **-FP-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu N.B.Vəzirov küçəsi ilə 2 zolaqlı yolun sağ zolağı ilə üzü C.Məmmədquluzadə küçəsi istiqamətinə saatda təxminən 10-15 km sürətlə hərəkət etmiş və ehtiyatsızlıq edərək “Yol ver” nişanın tələblərini pozaraq yol ayrıcına daxil olmuş və soldan hərəkət edən sonradan ona məlum olan “Hyundai İ30” markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində “Hyundai İ30” markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü xəsarət aldığı üçün təcili tibbi yardım çağırılmış və həkimlər gələrək onu xəstəxanaya aparmışlar. Hal-hazırda zərərçəkmiş şəxslə dəymiş ziyanın ödənilməsinə görə razılığa gəlmişlər. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 16:45 radələrində özünə məxsus etibarnamə ilə idarə etdiyi “Hyundai İ30” markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ilə 2 zolaqlı yolun sağdan 1-ci zolaqla üzü N.B.Vəzirov küçəsi istiqamətinə saatda təxminən 50-60 km sürətlə hərəkət etmiş və N.B.Vəzirov küçəsinin kəsişməsində yol ayrıcına daxil olmuşdur. Həmin vaxt sonradan ona məlum olan «Toyota Prius» markalı **-FP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə “Yol ver” nişanının tələblərini pozduğu üçün avtomobillər toqquşmuşlar. Baş vermiş hadisə zamanı o, xəsarət aldığı üçün təcili tibbi yardım çağırılmış və həkimlər gələrək onu xəstəxanaya aparmışlar. Dəymiş ziyanın müəyyən hissəsi sığorta tərəfindən ödənilmiş, qalan hissəsi ödənilməsə də, həmin zərərin ödənilməsinə görə Şəxsla razılığa gəlmişlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 tərəfindən verilən 484 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – başın sağ təpə-gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, bel nahiyəsinin, sol saidin sıyrıqları, sağ budun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən, sağ əlin və sağ saidin səthi kəsilmə xarakterli yaraları iti kənara malik əşyanın (əşyaların), ola bilsin ki, şüşə qırıntılarının təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X3 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Saleh Salahzadə tərəfindən qəbul edilmiş 02 may 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-342 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru X1 tərəfindən tərtib edilmiş 11 may 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar