Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2475/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında X1 protokolu tərtib etmiş şəxs: Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Barəsində inzibati xəta Şəxs haqqında iş üzrə icraat iştirakları ilə aparılan şəxs: xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 119-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 09 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 06.09.2021-ci il tarixdə, saat 09:30 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 oğluna məxsus “Nur Sac” ayaqqabı mağazasında quraşdırılmış kondisionerin 90 manat dəyərində mis borularını oğurlamışdır. Bundan başqa o, 07 sentyabr 2021-ci il tarixdə, saat 04:25 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 07, mənzil 96-dan orada yaşayan Zərərçəkmiş şəxs1 məxsus “Mitsubishi” markalı kondisionerin 350 manat dəyərində mis borusunu oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətləri əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs 06.09.2021-ci il tarixdə, saat 09:30 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 oğluna məxsus “Nur Sac” ayaqqabı mağazasında quraşdırılmış kondisionerin 90 manat dəyərində, sentyabr ayının 07-də, saat 04:25 radələrində isə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 07, mənzil 96-dan orada yaşayan Zərərçəkmiş şəxs1 məxsus “Mitsubishi” markalı kondisionerin 350 manat dəyərində mis borularını oğurlamışdır. Onun əməllərində cinayət tərkibi olmadığından barəsində 08.09.2021-ci il tarixli qərarlarla cinayət işinin başlanılması rədd edilmiş və barəsində aparılan hər iki inzibati iş üzrə icraat bir icraatda birləşdirilməklə müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, o, 06 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında işlətdiyi ünvan 1 ünvanda yerləşən “Nur Sac” ayaqqabı mağazasına gəldikdə orada quraşdırılmış kondisionerin mis borularının oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 90 manat dəyərində ziyan dəymişdir. Şəxs şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, 07 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 07, mənzil 96-nın blokunda quraşdırılmış “Mitsubishi” markalı kondisionerin mis borusunun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 350 manat dəyərində ziyan dəymişdir. Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığından oğurluq etmişdir. Bu məqsədlə o, 06.09.2021-ci il tarixdə, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən ayaqqabı mağazasında quraşdırılmış, daha sonra isə sentyabr ayının 07-də yenə həmin ərazidə yerləşən yaşayış binalarının birində olan kondisionerlərin mis borularını oğurlamışdır. Həmin boruları tanımadığı şəxslərə hər birini 5 manatdan satmışdır. Əməllərindən peşmandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bu Məcəllənin 34.4-cü maddəsinə görə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarında qeyd olunur ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbi nəzərə alınmalıdır. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07.09.2021-ci il tarixdə, saat 18:20-də tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən, saat 18:20-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2475/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2475/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver