Məhkəmə qərarları › İş №3(006)-2486/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2486/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2486/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 09, mənzil 63-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:40 radələrində idarə etdiyi “Kia Rio” markalı, **- TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda yolun sol hərəkət hissəsindən manevr etmə və dönmə qaydalarını pozaraq sağa məhəlləyə dönən zaman həmin küçə ilə eyni istiqamət üzrə sağ zolaqla hərəkət edən “Zongshen Z Max-150” markalı, 99-C-268 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşmuş, nəticədə motosikletın sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Saleh Salehzadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 14:40 radələrində idarə etdiyi “Kia Rio” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, X5 istiqamətindən “Kimya şəhərciyi” istiqamətinə Ak.H.Əliyev küçəsi ilə 03 zolaqlı yolun orta zolağı ilə hərəkət edib təxminən 30-40 km/s sürətlə sağa dönən zaman arxadan sürətlə hərəkət edən, sonradan ona məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi “Zongshen Z Max-150” markalı, 99-C-268 dövlət qeydiyyat nişanlı motosiklet ilə onun idarə etdiyi avtomobilin arxa sağ yan bufer, qanad və qapılar nahiyəsinə dəyərək avtomobili zədələmiş və yıxılmadan dayanmışdır. Hadisə yerinə gələn polis əməkdaşı ona dönmə əməliyyatını düzgün etmədiyini, qayda pozuntusuna yol verdiyini demişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və fotoşəkillərə əsasən hadisə ünvan 1 ünvanda baş vermişdir. Yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, hərəkət zolaqlarının sayı 06, işlək hisəssinin eni 18 metrdir. İşlək hissəyə sağdan və soldan səki birləşir, hər iki hissədə yaşayış evləri vardır. Həmin sahədə hərəkətin nizamlanma üsulu – nizamlanmayandır. Sxemə, habelə diskdə olan görüntüyə görə “Kia Rio” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol hərəkət hissəsindən sağa məhəlləyə dönən zaman həmin küçə ilə eyni istiqamət üzrə sağ zolaqla hərəkət edən “Zongshen Z Max-150” markalı, 99-C-268 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşur; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 477 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyyəsinin hematoma halında əzilməsi və əzilmiş-cırılmış yaraları, sol əlin V barmağının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • 05.03.2018-ci il tarixli, AD seriyalı, 193434 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • AC 289571 saylı, xx.xx.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Şəxsdır; • 21.05.2021-ci il tarixli, BA seriyalı, 013287 saylı sürücülük vəsiqəsinə əsasən Zərərçəkmiş şəxs «A1,A,B1,B,C1,C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • AD 829829 saylı, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Zongshen Z Max-150” markalı, 99-C-268 dövlət qeydiyyat nişanlı motosikletin sahibi X2r və bu motosiklet xx.xx.2023-cü il tarixli etibarnamə ilə xx.xx.2023-cü il tarixədək idarə edilməsi üçün Zərərçəkmiş şəxs verilib. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.q-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar