Məhkəmə qərarları › İş №3(006)-2488/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2488/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2488/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızının iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızı barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3726/2021 saylı icra sənədinə əsasən X2 xx.xx.2018-ci il təvəllüdlü X4 ilə bazar günü saat 11:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Lakin Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızı qərarın icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3726/2021 saylı icra sənədinə əsasən X2 xx.xx.2018-ci il təvəllüdlü X4 ilə bazar günü saat 11:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun azyaşlı övladı X4 ilə bazar günü saat 11:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilməsinə baxmayaraq, keçmiş həyat yoldaşı Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızı uşağın qulağında problem olduğunu əsas gətirərək müvafiq görüşə şərait yaratmamışdır. Həmçinin, Şəxs (Bəşirova) onun uşağı ilə görüşündə özünün də iştirakını tələb edir. Bir neçə dəfə icra məmurunun və ananın iştirakı ilə uşaqla görüşmüşdür. Halbuki, məhkəmə qətnaməsində bu nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızı izahatında göstərmişdir ki, o, övladının tələbkar X5 ilə görüşməsinə etiraz etmir. Lakin uşaq balaca olduğundan görüşlərdə özünün də iştirakını tələb etmişdir. O, uşağın qulağında problem olduğundan onun Sumqayıta getməsini istəməmiş və bu səbəbdən görüşün evdə olmasını tələb etmişdir. Dünən isə hava küləkli olduğundan görüşə şərait yaratmamışdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3726/2021 saylı icra vərəqəsindən görünür ki, X2 xx.xx.2018-ci il təvəllüdlü X4 ilə bazar günü saat 11:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızına icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3726/2021 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3726/2021 saylı icra vərəqəsi ərazi aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızı məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3726/2021 saylı icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızının Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızının himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızının məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızı tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüseynova (Bəşirova) Leylaxanım Elçin qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar