Məhkəmə qərarları › İş №3(006)-2488/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2488/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2488/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X2 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan narazı olduğu üçün şikayətlə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1178/2024 saylı qərarı ilə Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq inzibati xəta haqqında iş yenidən baxılması üçün orqana qaytarılmışdır. Bildirir ki, ona yazılan cərimə haqsız yerə yazılmışdır. Belə ki, Azadlıq prospekti ilə Füzuli küçəsinin kəsişməsində heç bir qadağanedici nişan olmadan İXM-nin 327.1-ci maddəsi ilə protokol yazılmışdır. İşə yenidən baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nin inzibati binasında xx.xx.2024-cü il tarixdə inzibati xətalar işlər üzrə icraat şöbəsinin inspektoru polis mayoru Ramiq Məmmədov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən icraatına daxil olmuş xx.xx.2024-cü il tarixli xəta haqqında işə baxılaraq İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulmasını nəzərə alaraq yenə qərarı qüvvədə saxlamışdır. Odur ki, Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətinin məzmunun uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 göstərdi ki, X3 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, X3 xx.xx.2024-cü il tarixdə saat 19:03-də idarə etdiyi “Mercedes Benz C220” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Odur ki, X1 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən onun barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X3 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmənin inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə ünvanladığı sorğuya cavab olaraq Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 inzibati xəta hadisəsinin videogörüntülərinin olmadığını bildirmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar