Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2489/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Ağentliyinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 172; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 447.0.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən ünvan 2 ünvanında fəaliyyət göstərən «Bravo» marketdə xx.xx.2025-ci il tarixdə “Full Cola” (1 lt) adlı məhsulun qiymət kağızında qiymətinin 1.00 manat göstərilməsinə baxmayaraq kassada 1,06 manata hesablanaraq satılmış, bununla da Cəmiyyət tərəfindən İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Ağentliyinin səlahiyyətli nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaş Qənbər Rzayevin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Ağentliyinə daxil olmuş müraciətinin araşdırılması nəticəsində Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən «Bravo» marketdə “FULL COLA PL 1 LT” adlı məhsulun qiymət kağızında qiymətinin 1.00 manat qeyd olunmasına baxmayaraq, kassada 1.06 manata hesablanaraq satılması faktı müəyyən olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Şirkət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) göstərilən əməlin törədilməsinə görə xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin Protokolda istinad edilən inzibati xətanın mahiyyətinə əsasən, ünvan 2 ünvanında yerləşən “Bravo” marketdə xx.xx.2025-ci il tarixdə “FULL COLA PL 1 LT” adlı məhsulun qiymət kağızında qiyməti 1.00 manat göstərilməsinə baxmayaraq, kassada 1.06 manata satılması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aldatma motivi və niyyəti mövcud olmalıdır. Əks halda sözügedən maddə əsasında Şirkətin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur və əsassızdır. Aldatma niyyətinin müəyyən edilməsi ilə bağlı həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli Qərarında qeyd olunur: “...aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur”. Hazırki məsələ ilə bağlı bildirir ki, Şirkətin inzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tətbiqi üçün imperativ şərt kimi müəyyən olunan aldatma niyyəti olmamışdır. İş materiallarında olan protokolda “FULL COLA PL 1 LT” adlı məhsulun qiymət kağızında qiyməti 1.00 manat göstərilməsinə baxmayaraq, kassada 1.06 satıldığı qeyd olunmuşdur. Bununla bağlı bildirirlər ki, məhsul müştərilərə endirimli qiymətlə 1.00 manata təklif edilsə də, təchizatçının qiymət artımı etməsi səbəbilə sistemdə avtomatik olaraq yeni alış qiyməti nəzərə alınmış və kassada satış qiyməti 1.06 manat olaraq əks olunmuşdur. Məhsulun qiyməti təchizatçı tərəfindən artırıldıqdan sonra sistemdə yenilənmiş olsa da, mağazada fiziki olaraq qiymət dəyişikliyi müştəri çoxluğu və əməliyyatların sıxlığı səbəbilə dərhal həyata keçirilə bilməmişdir. Bu səbəbdən müştəri məhsulu vitrində əvvəlki endirimli qiyməti ilə görmüşdür. Beləliklə, sözügedən məsələdə niyyət müştərini aldatmaq, pulunu mənimsəmək olmamışdır. Əlavə olaraq bildirirlər ki, Şirkətə məxsus mağazalarda müştəri müraciətləri ilə bağlı Müştəri Xidmətləri fəaliyyət göstərir və müştərilərin bütün narahatçılıqları ilə bağlı maraqlanılır və buna dair tədbirlər görülür. Mağazalarda müştərilərlə maraqlanan belə bir xidmətin olması bir daha təsdiq edir ki, Şirkətin məqsədi müştəriləri aldatmaq deyil, onların müraciətləri ilə maraqlanaraq hazırki məsələyə oxşar halların qarşısının alınması və doğurdan da qiymət fərqi mövcud olduğu halda həmin fərqin müştəriyə ödənilərək narazılığın aradan qaldırılmasından ibarətdir. Belə olan halda, Şirkətin mötəbər olmayan sübutlar - müştəri tərəfindən müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər əsasında 447.0.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması əsassız və qanunsuz olmaqla Şirkətin maddi və prosessual hüquqlarının pozuntusuna səbəb olacaqdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən, “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.” Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Göstərilənlər nəzərə alınmaqla Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixdə X5 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Ağentliyinin elektron poçt ünvanına göndərdiyi müraciətindən görünür ki, o, “Bravo” supermarketlər şəbəkəsindən şikayət edərək bildirmişdir ki, dəfələrlə vitrindəki malların qiymətləri ilə kassada artıq vəsait çıxarılır. Dəfələrlə administratora bildirib malı geri qaytarır, üzr istəyərək bildirirlər ki, qiymətləri düzəldəcəklər, lakin yenə də eyni hal baş verir. Bu da öz növbəsində vətəndaşı aldadaraq oğurluq etmək kimi bir hal alınır. Belə halların təkrarlanmaması üçün bir tədbir görülməsini xahiş etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 1-ci bəndinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə X7 ünvan 2 ünvanında fəaliyyət göstərən «Bravo» marketdən “FULL COLA PL 1 LT” adlı məhsulu alan zaman məhsulun qiymət kağızında qiymətinin 1.00 manat qeyd olunmasına baxmayaraq, kassada 1.06 manata hesablanaraq satılmışdır. xx.xx.2025-ci il tarixdə X1 və İstehlak Bazarına Nəzarət Dövlət Ağentliyinin elektron poçt ünvanına şikayətlə müraciət etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Ağentliyinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2489/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2489/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver