Məhkəmə qərarları › İş №3(006)-2490/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2490/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2490/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasında səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X8 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə X5 adlı vətəndaş ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində «Bolt» tətbiq vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «X7»ndən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanına taksi sifariş vermiş, həmin sifarişə **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, həmin avtomobilin sürücüsü təyinat nöqtəsinə çatana kimi ona əxlaqsız təkliflər etmişdir. Həmin şikayət əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün xx.xx.1976-cı il təvəllüdlü Şəxs olması müəyyən olunmuş və həmin şəxs şöbəyə dəvət olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixdə şöbəyə gələrək hər hansı bir səbəb olmadan uca səslə qışqıraraq ünvansız nalayiq ifadələr işlədərək növbətçi hissənin, eləcə də ümumi Polis Şöbəsinin iş rejimini pozmuşdur. Şəxs polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunaraq, bu hərəkətlərini dayandırması barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, Şəxs qeyriadekvat hərəkətlərini davam etdirərək özünü təqdim etməmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şöbəyə təqdim olunmuş ərizə və raport əsasında araşdırma ona həvalə olunmuş, Şəxs tərəfindən izahatı alınarkən törətdiyi əməlləri qismən etiraf etmiş, əməlindən peşman olmasını bildirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərlə əsasən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, şirkətə məxsus **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində «Port Baku» istiqamətindən Vaqif prospekti istiqamətinə sifariş qəbul etmiş, sifarişin daxil olduğu ünvana yaxınlaşmış, həmin ünvanda xanım srənişin avtomobilin arxa oturacağında əyləşmişdir. O, həmin xanımdan hara gedəcəyini soruşmuş, xanım rus dilində gedəcəyi ünvanı demiş, daha sonra isə xanımdan adını soruşmuş, cavabında isə xanım adının Yana olduğunu bildirmişdir. O, həmin xanıma rus dilində nə gözəl adı olduğunu bildirmişdir. Daha sonra həmin xanıma ona su istədiyini bildirərək marketdə saxlamağı xahiş etmişdir. O, xanıma avtomobildə olan “Bizon” adlı spirtsiz içkini təklif etsə də, xanım adi su istədiyini bildirmişdir. Bundan sonra o, yaxınlıqdakı marketdə avtomobili saxlamış və xanım özü düşərək su alıb qayıtmışdır. Sifariş verilmiş ünvana çatdıqda xanım borcunun nə qədər olduğunu soruşmuş, o isə xanıma ödənişin kartla olduğunu bildirmişdir. O, xanıma hər hansı bir əxlaqsız təklif etməmişdir. Sonra isə polis əməkdaşı ona zəng vuraraq onu polis şöbəsinə dəvət etmişdir. O, bir gün sonra Şöbəyə yaxınlaşa biləcəyini bildirdikdə, həmin əməkdaş dərhal yaxınlaşmalı olduğunu bildirmişdir. Buna görə də, o, dərhal Polis Şöbəsinə yaxınlaşmışdır. Polis Şöbəsində əsəbi formada onun şöbəyə hansı səbəbə görə dəvət edildiyini soruşmuşdur. Həmin vaxt çox əsəbi olduğu üçün səs tonunu yüksəltmiş, əlavə ifadələrdən istifadə etmişdir. Buna görə polis əməkdaşlarından üzr istəyir. Əsəbi olduğundan hərəkətlərini idarə edə bilmədiyindən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polisi Şöbəsində əməliyyat müvəkkili X9 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən şöbənin inzibati binasına 45-50 yaşlarında bir nəfər vətəndaş daxil olmuş, həmin şəxs şöbəyə daxil olduğu andan özünü kobud aparmış, nalayiq ifadələr işlədərək günahsız olduğunu bildirmiş, səs küy salaraq inzibati binada polis əməkdaşlarının iş fəaliyyətini pozmuşdur. Həmin şəxs tərəfindən nizam-intizama dəvət olunarkən, onun qanuni tələblərinə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasında səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur. X5 tərəfindən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixdə **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona əxlaqsız təkliflər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə (izahatlar və.s) sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində Rusiya ederasiyasının vətəndaşı olan (turist) Y.Kovalçuka qarşı etik norma və qaydalarına etinasızlıq göstərməklə, əxlaq normalarına uyğun olmayan hərəkətlər etməklə sonuncuya qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Həmçinin, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasında səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə Şəxs tərəfindən məhkəmə iclası zamanı X1rşı hər hansı əxlaqsız təklif etməməsi barədə izahatının özünümüdafiə xarakterli olduğu qənaətinə gəlməklə, hazırkı işə münasibətdə mötəbərli sübut kimi olmasını qəbul etmir. Bununla da, Rizvanov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Rizvanov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 16:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar