Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2491/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şamaxı rayonu, Dağ Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Şamaxı rayonu, Dağ Bağırlı Ərazi Dairəsi, Dağ Bağırlı kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 24 iyul 2022-ci il tarixdə saat 17:50 radələrində Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış, sürücülük hüququ olmadan, etibarnaməsiz avtomaşın idarə etdiyi məlum olmuş, bununla bağlı polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17:50 radələrində Şəxs Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış və məlum olmuşdur ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan, etibarnaməsiz idarə edir. Bu səbəbdən maşının duracağa aparılacağı Şəxs bildirildikdə sonuncu bununla razılaşmamış və BBPİ-nin YPX əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. 24 iyul 2022-ci il tarixdə saat 17:50 radələrində avtobusda olan sərnişinlərlə Sumqayıtdan qayıdarkən 20 Yanvar metrosu yaxınlığında polis əməkdaşı ona maşını saxlaması ilə bağlı işarə vermiş, o da maşını saxlamışdır. Polisə tabesizlik göstərməmişdir. Polis əməkdaşı sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyinə görə onun avtomobilini cərimə meydançasına aparmaq istəmişdir. O isə polis əməkdaşına qazi olduğunu bildirmiş və maşını aparmamasını xahiş etmişdir. Lakin polis əməkdaşı maşını aparacağını bildirdikdə o, əsəblərini cilovlaya bilməmiş və yumruqla vuraraq avtomobilinin qabaq şüşəsini qırmışdır. Nəticədə qolu qanamış və huşunu itirmişdir. Onu xəstəxanaya aparmışlar. Sürücülük hüququ olmadan avtomobili idarə etməməli olduğunu bilsə də, sürücülük vəsiqəsi ala bilmir. Ona görə də avtomobili belə idarə etməyə davam edəcəkdir. O, Vətən müharibəsi iştirakçısıdır. Əlilliyi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru, polis baş serjantı X5 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:50 radələrində 20 Yanvar metrostansiyasının çıxışında “Ford Tranzit” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci və 52-ci maddəsinin tələblərini pozduğuna görə tərəfindən saxlanılmış və müəyyən olunmuşdur ki, avtomobilin sürücüsü Şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olur və eyni zamanda avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edir. O, Şəxs avtomobili cərimə meydançasına aparacağını bildirmişdir. Bu zaman avtomobilin sürücüsü telefon vasitəsilə onu avtomobilin sahibi ilə danışdırmış, həmin şəxs də qazi olduğunu bildirmiş və maşını cərimə meydançasına aparmamağını xahiş etmişdir. Lakin belə olan halda onlar avtomobili cərimə meydançasına aparmaya bilməzlər. Onun avtomobili cərimə meydançasına aparacağını biləndə avtomobilin sürücüsü Şəxs özündən çıxmış, avtomobili yandıracağını bildirmiş, daha sonra isə avtomobilinin ön şüşəsini əli ilə vurub sındırmışdır. Hətta aralarında çəkişmə də olmuşdur. Şəxs qolu qanadığı üçün onu xəstəxanaya aparmışlar və ilkin tibbi yardım göstərildikdən sonra o, raportla 19-cu polis şöbəsinə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərtib etdiyi xx.xx.2022-ci il tarixli Raportla və hadisənin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disklə Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 24 iyul 2022-ci il tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 iyul 2022-ci il tarixdən saat 19:10-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2491/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2491/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver