Məhkəmə qərarları › İş №3(006)-2492/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2492/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2492/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 24.08.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 24.08.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, bronxitlərində problem olduğundan nəfəs çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Dərmanlar qəbul etməsə nəfəsi dərhal dayanar. “Brequal” aparatla nəfəs alır. Polis ona yaxınlaşan zaman maska çənə nahiyyəsində olmuşdur. Polisə izah etmişdir ki, onun nəfəs almağında problem var. Hətta üstündə gəzdirdiyi “Brequal” aparatı göstərmişdir. Polis onun sözünə məhəl qoymayaraq ona əsassız olaraq protokol və onun əsasında qərar qəbul edərək 100 manat məbləğində cərimə yazmışdır. Günahı olmadığı halda ona cərimə yazılması qanunsuzdur. Həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. Dərmanlarına zorla pul çatdırır. Göründüyü kimi onun barəsində tətbiq edilmiş inzibati xəta haqqında qərar tamamilə əsassızdır. Göstərilənlərə əsasən, 24.08.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 24.08.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 24.08.2021-ci il tarixli, EXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 saylı “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1.şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, tak si, metro, dəmiryolu və s.); 1.2. qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə. Həmin qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar”ının tələblərini pozduğunu müəyyən etmiş səlahiyyətli şəxs sonuncunu Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 100 manat miqdarında cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Belə ki, E.Q.Müzəffərovun izahatlarından da görünür ki, o, xəstəliyi ilə əlaqədar tibbi maskadan istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, E.Q.Müzəffərov tibbi maskadan istifadə etməməsini xəstəliyinin olması ilə əsaslandırsa da, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin 29 may 2020-ci il tarixli 189 saylı Qərarında istisnalar nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 24.08.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar