Məhkəmə qərarları › İş №3(006)-2493/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2493/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2493/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 05:40-da idarə etdiyi “PEUGEOT PARS minik” markalı **-NV- *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 yüngül bədən xəsarətləri almışdır. Bununla da, Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 05:40 radələrində idarə etdiyi “PEUGEOT PARS minik” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində hərəkətdə olan vaxt Salatın Əsgərova küçəsinə dönərkən piyada keçidində piyada yolu keçən X4 ilə toqquşmuşlar. Təranə hadisə zamanı yerə yıxılmışdır. O maşını saxlamış və Təranəyə yaxınlaşmışdır, onu ayağa qaldırıb maşına əyləşdirib KTM-ə aparmışdır. Sonda törətdiyi əmələ görə səmimi peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 429 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 07:40-da 1 saylı KTM-dən həkim Əliquliyeva məlumat verdi ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində baş vermiş YNH-si zamanı, xx.xx.1971-ci il təvəllüdlü X1 bud çanaq və sağ topuğun yumşaq toxumaların əzilməsi xəsarəti almışdır. İş materiallarına əsasən izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 05:40 radələrində idarə etdiyi “PEUGEOT PARS minik” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində hərəkətdə olan vaxt Salatın Əsgərova küçəsinə dönərkən piyada keçidində piyada yolu keçən X4 ilə toqquşmuşlar. Təranə hadisə zamanı yerə yıxılmışdır. O maşını saxlamış və Təranəyə yaxınlaşmışdır, onu ayağa qaldırıb maşına əyləşdirib KTM-ə aparmışdır. Orada müayinə olunmuşdur. Maşının sürəti 10 km/saat olardı, maşına ziyan dəyməmişdir. İş materiallarına əsasən izahatı alınmış zərər çəkmiş şəxs X4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 05:40 radələrində Nəsimi rayonu, Salatın Əsgərova küçəsində piyada keçidində piyada yolu keçən vaxt Nəsimi rayonu, Rəşid Behbudov küçəsinin kəsişməsində Salatın Əsgərova küçəsinə dönən Şəxs idarə etdiyi “PEUGEOT PARS minik” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla toqquşmuşdur. O yerə yıxılmışdır. Ərzuman maşını saxlamış və ona yaxınlaşmışdır. O xahiş etmişdir ki, oğluna zəng etsinlər. Sonra oğlu gəlmişdir. Onu maşına əyləşdirib KTM-ə aparmışdırlar. Orada müayinə olunmuşdu və yaşadığı ünvana getmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2024-cü il tarixli, 585 nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü X2 bədənində aşkar edilmiş xəsarət - sol bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud-çanaq oynağı, sol sağrı və sol bud nahiyələrinin iri ölçülü dərialtı hematoması, sağ ayaq pəncəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X3 bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs oğli Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar