Məhkəmə qərarları › İş №3(006)-2496/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2496/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2496/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs Altıparmak Barışın nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə Altıparmak Barışın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Altıparmak Barış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə “X8 Sanayi ve Ticaret Anonim Şirketi’nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (bundan sonra: Şirkət) baş direktoru X3 Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsi ilə müəyyən edilən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1000 (min) manat inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qanunsuz və əsassızdır, hesab edirlər ki, məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, İXM-nin 198.1.6-ci maddəsinə əsasən: işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsi əməyin mühafizəsi qaydalarının pozulması kimi qəbul edilir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilənlər həqiqətə uyğun deyil, faktiki vəziyyəti olduğu kimi özündə əks etdirmir. Belə ki, Barış Altıparmakın əməllərində inzibati xəta tərkibi yoxdur. Şirkətin sabiq işçisi X2 icra etdiyi işlərin spesifikasına uyğun olaraq bütün zəruri fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Göründüyü kimi, Barış Altıparmak barəsində İXM-nin 198.1.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi əsasızdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs Altıparmak Barışın nümayəndəsi və vəkili Nümayəndə şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X7 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, “X8 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində fəhlə işləmiş X2 xx.xx.2023-ci il tarixdə saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 56-cı km-liyində yerləşən körpü tikintisi sahəsində olan körpü dayağı üçün nəzərdə tutulmuş ikinci sütunun üst hissəsini toz və dağıdılmış beton qırıntılarından təmizləmək üçün nərdivan vasitəsilə 2- 3 metr hündürlüyə qalxıb həmin sütunun üst hissəsini təmizlədikdən sonra aşağı enən zaman öz fərdi təhlükəsizliyini qorumayaraq sol ayağını torpaq sahəsinə qoyarkən ehtiyatsızlığından ayağı qəflətən burxulmuş və müvazinətini itirərək yıxıldığından sol incik sümüyün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Əmək Müfəttişliyinə daxil olan məlumat əsasında təhqiqat başlanmış və işçiyə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə fərdi mühafizə vasitələri (qoruyucu kəmər və s.) verilmədiyi üçün “X8 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar əsasında Azərbaycan Respublikası İXM-nin 198.1.6-cı maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X8 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçisi X2 xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində Xocavənd rayonunda iş vaxtı xəsarət almış, Nümayəndəliyin baş direktoru Barış Altıparmak işçiyə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə fərdi mühafizə vasitələri (qoruyucu kəmər və s.) verməmişdir. Nəticədə, Altıparmak Barış tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 iş vaxtı “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”ün 2.13 bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”-nın 11-ci bəndinin tələblərini pozaraq öz ehtiyatsızlığı nəticəsində az ağır dərəcəli bədən xəsarəti aldığından “X8 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iş icraçısı Ruslan Seyidov, əməyin təhlükəsizliyi üzrə mühəndisi Elnur Məmmədov və qeyrisinin əməlində cinayət tərkibinin olmaması əsasına görə barələrində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsinə əsasən işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında Barış Altıparmakın Azərbaycan Respublikası İXM-nin 198.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir, ona görə də məhkəmə hesab edir ki, Barış Altıparmak barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olmuşdur. Belə ki, xətanın törədilməsi faktını sübut edən dəlilləri inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan Barış Altıparmakın verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barış Altıparmakın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar