Məhkəmə qərarları › İş №3(006)-2498/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2498/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2498/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X2 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 25.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona 25.08.2021-ci il tarixdə “AsanPay” ödəniş portalı vasitəsilə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə EXP ******* saylı inzibati xəta haqqında protokolun tərtib edildiyinə dair SMS bildiriş gəlmişdir. Həmin tarixdə o, heç bir pozuntu törətməmiş və ona heç bir polis əməkdaşı yaxınlaşmamışdır. Sözügedən protokolun 22-ci polis bölməsinin əməkdaşı V.Azadəliyev tərəfindən tərtib edildiyi məlum olduqdan sonra 07.09.2021-ci il tarixdə onun surətini götürmüşdür. Protokolun tərtib edilmə yeri və vaxtı 21.05.2021-ci il tarixdə, saat 06:12-də Nəsimi rayonu, Puşkin küçəsi olaraq qeyd olunmuşdur. Lakin o həmin günü protokolda qeyd olunduğu kimi səhər deyil, günorta saatlarında Nəsimi rayonu, Puşkin küçəsində hərəkətdə olmuşdur. Orada polis əməkdaşı yaxınlaşıb ondan şəxsiyyət vəsiqəsini istəmiş, o da təqdim etmişdir. Polis onun vəsiqəsinin şəklini çəkib geri qaytarmışdır. Bundan neçə ay keçdikdən sonra polis əməkdaşı onun barəsində əsassız protokol tərtib etmiş, bununla bağlı ona heç bir məlumat verilməmişdir. X8 Məcəlləsinin 211.2-ci maddəsi üzrə 100 manat məbləğində cərimə edilməsi barədə qərar isə guya törətmiş olduğu “pozuntu” aşkar edildiyi gündən üç ay keçdikdən sonra qəbul edilmişdir. Bundan əlavə onun iddida olunan xətanı törətdiyinə dair heç bir sübut mövcud deyil. Tərtib edilmiş protokolun tarixi “AsanPay” ödəniş portalında 25.08.2021-ci il qeyd olunsa da, ona verilən surətində isə 21.05.2021 olaraq göstərilmişdir. Qeyd olunanlara əsasən 25.08.2021-ci il tarixli, EPQ ******* saylı qərar qanunsuz olduğu üçün onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 21.05.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X6 həmin günü, saat 6-12-də, ünvan 1 ünvanda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir; - 25.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə 100 manat cərimə edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 25.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 211-ci maddəsi Məcəllənin 23-cü fəslinə, yəni əhalinin sanitariyagigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 3 ay müəyyən edilmişdir. Bununla belə X4 barəsində 21.05.2021-ci il tarixdə törətdiyi aşkar edilmiş xətaya dair həmin günü İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə protokol tərtib olunsa da, onunla bağlı tənbeh qanunvericliklə müəyyən edilmiş müddət keçdikdən sonra, yəni 25.08.2021-ci il tarixdə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 25.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar