Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2499/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi şəxs: X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 132, m.54; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş 09.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 10.935,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 21.08.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 izahat verərək göstərdi ki, Türkiyənin “Berdan Dış Ticaret X5 Hizmetleri San. A.Ş.” şirkəti ilə Şəxs MMC arasında 20190815/HP/096 saylı 15 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən “Berdan Dış Ticaret X5 Hizmetleri San. A.Ş.” şirkəti müqavilədə adları qeyd olunmuş malları 24.300 ABŞ dollarına Şəxs MMC-yə satmağı, sonuncu isə həmin malın alınması üçün bu vəsaiti satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq məbləğin 50%, yəni 12.150 ABŞ dolları ilkin ödəniş kimi iki dəfəyə - 1.215 ABŞ dolları 20.08.2019-cu il tarixdə, 10.935 ABŞ dolları isə 21.08.2019-cu il tarixdə bank vasitəsilə satıcının hesabına köçürülmüşdür. Qalan məbləğ isə 16 oktyabr 2019-cu il tarixdə göndərilmişdir. Bundan sonra “Berdan Dış Ticaret X5 Hizmetleri San. A.Ş.” şirkəti müqavilə şərtlərinə uyğun olaraq sifariş edilmiş malları Azərbaycan Respublikasına göndərmiş və onlar 24 oktyabr 2019-cu il tarixdə ölkəyə idxal olunmuşlar. Lakin mallar ölkəyə idxal edilərkən gömrük bəyannaməsinin 44-cü bəndində “Berdan Dış Ticaret X5 Hizmetleri San. A.Ş.” şirkəti ilə Hidro Park MMC arasında bağlanılmış müqavilənin nömrəsi düzgün qeyd olunsa da, müqavilə tarixində texniki səhvə yol verilmiş, 15 avqust 2019-cu il tarix əvəzinə, 15 avqust 2015-ci il tarixi qeyd olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərdən görünür ki: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 23.08.2021-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 21.08.2019-cu il tarixdə 10.935,00 ABŞ dolları göndərildiyi qeyd olunmuşdur; - Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Tükiyədə yerləşən “Berdan Dış Ticaret X5 Hizmetleri San. A.Ş.” şirkətinin hesabına 15.08.2019-cu il tarixli, 20190815/HP/096 saylı müqavilə üzrə 21.08.2019-cu il tarixdə 10.935,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; - 15.08.2019-cu il tarixli, 20190815/HP/096 saylı müqaviləyə əlavədə alınan malların dəyəri 24.300,00 ABŞ dolları göstərilmişdir; - **********2163 saylı gömrük bəyannaməsinə görə Türkiyədə yerləşən “Berdan Dış Ticaret X5 Hizmetleri San. A.Ş.” şirkəti tərəfindən Şəxs MMC-yə 15.08.2015-ci il tarixli, 20190815/HP/096 saylı müqavilə üzrə göndərilmiş 6.742,08 kq çəkidə metaldan olan müxtəlif mallar 24.10.2019-cu il tarixdə ölkəyə gətirilmiş, sənədə əlavədə bu malların invoys dəyərləri 6.021,26, 5.412,39 və 723,74 ABŞ dolları (cəmi 12.157,39 ABŞ dolları) göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında müəyyən olunur ki, Şəxs MMC tərəfindən 21.08.2019-cu il tarixdə Türkiyədə yerləşən “Berdan Dış Ticaret X5 Hizmetleri San. A.Ş.” şirkətinin hesabına 15.08.2019-cu il tarixli, 20190815/HP/096 saylı müqavilə üzrə göndərdiyi 10.935,00 ABŞ dolları məbləğində xarici valyutada vəsait hesabına alınan mallar ölkəyə 24.10.2019-cu il tarixdə idxal olunmuş və bu barədə **********2163 saylı gömrük bəyannaməsində müvafiq qeydlər aparılsa da, müqavilənin tarixi səhvən 2015-ci il kimi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından şirkət barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2499/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2499/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver