Məhkəmə qərarları › İş №3(006)-2503/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2503/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2503/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Baki şəhəri, ünvan 1 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixində səhər saatlarında övladını evdən məktəbə apararkən, idarə etdiyi avtomobili ilə işıqforu keçəndə, yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Lakin saxlanıldığı zaman yol polisi əməkdaşı özünü təqdim etməmiş və heç bir sualına cavab verməmişdir. Nə üçün saxladığını bildirməmişdir. Polis əməkdaşı dərhal heç bir izahat vermədən onun barəsində cərimə yazıldığını bildirmişdir. Bir müddət sonra ona gələn sms-dən məlum olmuşdur ki, guya qırmızı işıqda keçdiyi üçün 100 manat və 3 bal cərimə olunmuşdur. Lakin, “Asan ödəniş” səhifəsində nə foto, nə də video görüntü mövcud deyil. Bununla əlaqədar Bakı Şəhəri Baş Polis idarəsinə qanunsuz yazılan cərimənin silinməsi üçün şikayət ərizəsi ilə müraciət etmişdir. Rəsmi olaraq yazılan ərizəyə 47 gün sonra 13 mart 2025-ci il tarixində cavab gəlmişdir. Halbuki, Vətəndaşların müraciətləri haqqında qanunun 10-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Heç bir əsas və sübut göstərilmədən müraciətinə imtina verilmişdir. Hesab edir ki, imtina məktubu əsassız və qanunsuzdur. Çünki, hüquqa zidd hesab etdikləri video görüntünü təqdim etməmişlər. Barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun heç bir əsası yoxdur. Qırmızı işıqda keçdiyini göstərən heç bir video görüntü və heç bir sübut da yoxdur, pozuntu etmədiyindən bu barədə heç bir sübut da ola bilməz. Nəticə etibarilə mübahisəli protokol tam olaraq qanunsuz və əsası olmadan tərtib olunmuş və inzibati qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan protokol aşağıda qeyd olunan hüquq və azadlıqlarımı pozduğu üçün qanunu hesab edilə bilməz və ləğv olunmalı və icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin o İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan əməli törətməmiş, işıqforun qırmızı işığında keçməmişdir. Onun pozuntu etməyi barədə heç bir sübut yoxdur və ola da bilməz. İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 99.4.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Lakin xx.xx.2025-ci il tarixdə polis əməkdaşı tərəfindən barəmdə protokol tərtib edilməmişdir. Ümumiyyətlə bunu zəruri edəcək hal baş verməmişdir. Halbuki, İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi zamanı protokol tərtib edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Göründüyü kimi, o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq, işıqforun yaşıl işığında avtomobillə hərəkət etdiyini, ona videoçəkilişin göstərilmədiyini, məhkəməyə təqdim edilmiş videogörüntü ilə razı olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən məlum olur ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 08:42-də “X7” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsinə riayət etməmişdir. İşə materiallarına əlavə edilmiş hadisənin görüntülərinin təhlükəsiz şəhər kameralarında qeydə alındığı videogörüntü olan CD diskə baxış zamanı X4 idarə etdiyi avtomobillə İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Belə ki, videogörüntüdən aydın görünür ki, “X7” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü svetoforun qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsinin hərəkətini davam etdirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 23 yanvar 2025-ci il tarixdə saat 08:42-də “X7” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin tələblərini pozmaqla svetoforun qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsinin hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hansı ki, baxılan işə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, X3 yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq edən sübutlar mövcuddur, bu sübutların şübhə altına alınması, X3 inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Təqdim olunan videogörüntüyə məhkəmə iclasında keçirilən baxış zamanı da inzibati xətanın törədilməsi və bu xətanın törədilməsində X3 təqsirli olması təkzibolunmaz qaydada sübuta yetirilmişdir. Ona görə X3 şikayətində və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar