Məhkəmə qərarları › İş №3(006)-2506/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2506/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2506/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X3, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Vardenis rayonu, Zod kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Göygöl rayonu, Şəhriyar kəndində ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9956/18 saylı icra sənədi üzrə tələbi tam təmin etməmiş və icra sənədini icra etməkdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən böyük icra məmuru C.Y.Əliyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9956/18 saylı icra sənədinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qətnaməsi ilə 23 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 yanvar 2012-ci il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləği, habelə eyni məhkəmənin 08 avqust 2016-cı il tarixli qətnaməsi ilə 18 fevral 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat tutularaq S.B.Söhbətovaya ödənilməli və iddia ərizəsini məhkəməyə təqdim edərkın iddiaçının ödəməli olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İcra sənədi 16 iyun 2021-ci il tarixdə Göygöl rayon İcra Şöbəsindən Nəsimi rayon İcra Şöbəsinə borclunun faktiki yaşayış yeri üzrə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi icraya yönəldiləndən sonra borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, borclunun əmlak vəziyyətini, eləcə də pensiya alıb-almamasını müəyyən etmək məqsədilə aidiyyatı qurumlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmiş, icra sənədi 16.06.2021-ci il tarixdə Göygöl rayon İcra şöbəsindən Nəsimi rayon İcra şöbəsinə borclunun faktiki yaşayış yeri üzrə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmiş, borclunun əmlak vəziyyəti elektron icra sistemi vasitəsi ilə yoxlanılmış, lakin onun adına hər hansı bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmiş, iş üzrə borclu Şəxs 24.06.2021-ci il tarixdə şöbəyə dəvət olunmuş və izahatı alınmış, borclu izahatında hər ay 390 (üç yüz doxsan) manat məbləğində alimenti borcdan isə 50 (əlli) manat ödədiyini bildirmiş, borclunun 24.06.2021-ci il tarixə kimi 1.915 (bir min doqquz on beş) manat aliment borcu təşkil etmişdir. Borcluya xəbərdarlıq məktubu 24.06.2021-ci il tarixdə rəsmi təqdim olunmuşdur. Tələbkar 13.09.2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclunun sentyabr ayı daxil olmaqla 2.205 (iki min iki yüz beş) manat məbləğində aliment borcu yarandığını və buna görə də borclu barəsində aliment borcunu tam şəkildə ödəmədiyi üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini xahiş etmişdir. Bundan sonra borclu şöbəyə dəvət olunmuş, ondan 2.205 manat sentyabr ayı daxil olmaqla aliment borcun ödənilməsi tələb olunmuş, lakin borclu izahatında borcunu hazırda tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbehin tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Bundan başqa, icra məmuru böyük icra məmuru C.Y.Əliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu 1580 manat məbləğində aliment borcunu ödəməmiş, daha sonra 3 ay, iyun, iyul və avqust aylarında 440 manat ödəniş etmişdir. Hal-hazırda borclunun 2.205 manat məbləğində yığılmış aliment borcu var. Borclunun deməsinə görə aliment ödənişinin edilməsi ilə bağlı onun əlavə qəbzləri də var, lakin ona həmin qəbzləri icra şöbəsinə təqdim edilməsi təklif olunsa da o, qəbzləri təqdim etməmişdir. Sabunçu Rayon İcra və Probasiya Şöbəsi borclunun 1.575 manat aliment borcu olduğunu göstərmişdir. Tələbkar aliment borcunun ödənilməsində maraqlıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9956/18 saylı icra sənədindən məlumatlıdır. Hər ay mütəmadi olaraq aliment borcunu ödəyir, bundan başqa yığılmış aliment borcundanda hər ay 50 manat məbləğində əlavə ödəniş etmişdir. Əlavə ödənişləri ilə bağlı ödəniş qəbzləri olsa da icra şöbəsinə təqdim etməmişdir. Hər ay 150-200 manat məbləğində ödənişlər etmişdir.Ölkədə karantin rejimi ilə bağlı qapanmalar olduğuna görə aliment borcu yığılmışdır. Dörd dəfə ailə həyatı qurmuş, himayəsində 8 övladı var, həmin uşaqlarının 5-i azyaşlıdır. Hal hazırda da ailəlidir. Bundan başqa Gəncədəki uşağına da hər ay 130 manat aliment ödəyir. Bundan başqa, o bildirmişdir ki, 950 manat borcu var və ödənişlə bağlı qəbzləri təqdim edəcəkdir. Göstərilənlərə əsasən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar S.B.Söhbətova öz izahatında göstərmişdir ki, borclu tərəfindən onun bank kartına 3 dəfə 440 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda borclunun 2.205 manat məbləğində ödənilməmiş aliment borcu var. O, yalnız aliment borcunun tam ödənilməsində maraqlıdır. Borclu Şəxs isə alimenti qismən ödəsədə, borcunu tam ödəmir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9956/18 saylı icra vərəqəsindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9956/18 saylı icra sənədinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qətnaməsi ilə 23 dekabr 2009-cu il təvəllüdlü F.R.Məmmədzadənin və 12 yanvar 2012-ci il təvəllüdlü A.R.Məmmədzadənin sxlanılmaları üçün müəyyənləşdirilmiş aliment məbləği, habelə eyni məhkəmənin 08 avqust 2016-cı il tarixli qətnaməsi ilə 18 fevral 2016-cı il təvəllüdlü N.R.Məmmədzadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat tutularaq S.B.Söhbətovaya ödənilməli və iddia ərizəsini məhkəməyə təqdim edərkın iddiaçının ödəməli olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş materiallarında olan Sabunçu rayon İcra şöbəsinin 03 may 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9956/18 saylı icra sənədi aidiyyəti üzrə Göygöl Rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Göygöl Rayon İcra Şöbəsinin 25 may 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9956/18 saylı icra sənədi üzrə icraata həmin tarixdə icraata başlanılmışdır. İş materiallarında olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin 31 may 2021-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9956/18 saylı 19.11.2018-ci il tarixli icra sənədi borclunun faktiki yaşayış yeri üzrə icra tədbirlərin davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan ayrı-ayrı qurumlara verilmiş sorğuların cavablarına əsasən müəyyən edilir ki, Şəxs hər hansı gəliri yoxdur, onun mülkiyyətində hər hansı dəyərli əşyası və ya əmlakı aşkar edilməmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, borclu Şəxs tərəfindən davamlı olaraq 440 (dörd yüz qırx) manat məbləğində pul tələbkar S.B.Söhbətovanın hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9956/18 saylı icra sənədinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qətnaməsi ilə 23 dekabr 2009-cu il təvəllüdlü F.R.Məmmədzadənin və 12 yanvar 2012-ci il təvəllüdlü A.R.Məmmədzadənin saxlanılmaları üçün müəyyənləşdirilmiş aliment məbləği, habelə eyni məhkəmənin 08 avqust 2016-cı il tarixli qətnaməsi ilə 18 fevral 2016-cı il təvəllüdlü N.R.Məmmədzadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat tutularaq S.B.Söhbətovaya ödənilməli və iddia ərizəsini məhkəməyə təqdim edərkın iddiaçının ödəməli olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Borclu Şəxs borcunu ödəməkdən mütəmadi olaraq yayınmış, nəticədə, onun bugünədək ödənilməmiş 2.205 (iki min iki yüz beş) manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra edilmədiyindən 13 sentyabr 2021-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə iclasında Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru C.Y.Əliyevin izahatından və iş materiallarına əlavə edilmiş qəbzlərin surətindən müəyyən olunmuşdur ki, Şəxs icra sənədinin icraya yönəldilməsindən sonra təyin edilmiş alimenti ödəmiş, və indiyənədək 1.320 manat ödəniş etmişdir. Bu fakt məhkəmə iclasında iştirak edən bütün proses iştirakçıları tərəfindən də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borclu Şəxs tərəfindən borcunun hissə-hissə ödənilməsinə dair söz verdiyindən həmin icra sənədinin sonuncusu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar