Məhkəmə qərarları › İş №3(006)-2512/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2512/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2512/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Protokola görə Şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin vəzifəli şəxsləri tərəfindən xx xxxx 2020-ci il tarixdə plandankənar yoxlamaların keçirilməsinə maneçilik törətmişdir. Protokol baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 3(011)-1584/2020 saylı qərardadı ilə iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli, YPK/0094-20 saylı “Yoxlamanın aparılması haqqında” qərarı ilə “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən müəssisədə plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2020-ci il tarixli, KY201455917 saylı çıxarışın surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-də yoxlama xx.xx.2020-ci il tarixdə başlanır, xx.xx.2020-ci il tarixdə bitir; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli, YPK/0094-20 saylı “Yoxlamanın dayandırılması haqqında” qərarı ilə “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən müəssisədə plandankənar yoxlamanın həyata keçirilməsi xx xxxx 2020-ci il tarixinədək 13 iş günü müddətində dayandırılmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri Şəxs ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 19/1/QN-2709 saylı məktubun surətindən və həmin qurum tərəfindən ünvan 1 ünvanında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan aydın olur ki, cəmiyyətə məxsus “Kəndli” yarmarkasında keçirilməsi nəzərdə tutulan plandankənar yoxlama çərçivəsində xx xxxx 2020-ci il tarixində obyektə baxış keçirilmiş, lakin yoxlamanı aparan səlahiyyətli şəxslərə bununla bağlı şərait yaradılmamış və onların qanuni tələbləri yerinə yetirilməmişdir. Tərəfimdən iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta xx.xx.2020-ci il tarixdə törədilmiş və hazırda da onun törədildiyi gündən artıq üç ay müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 544.1-ci maddəsi Məcəllənin 39-cu fəslinə, yəni idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 3 ay müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106.0-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olubolmamasını həll edir. Qeyd olunan Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar