Məhkəmə qərarları › İş №3(006)-252/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-252/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-252/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan hüquqi Şəxs QSC-nin nümayəndəsi şəxs: Nümayəndə iştirakları ilə Şəxs QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev 245, mənzil 29, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 29.12.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs QSC 80.927,12 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 20.11.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, QSC ilə Türkiyədə fəaliyyət göstərən “X2 A.Ş.” şirkəti ilə 15.09.2019-cu il tarixdə malın alışına dair 453.613,00 ABŞ dolları dəyərində müqavilə bağlanılmışdır. 20.11.2019-cu il tarixdə həmin müqavilə ilə bağlı qeyd olunan şirkətə 80.927,12 ABŞ dolları göndərilmiş, bu vəsait hesabına alınan mallar da ölkəyə idxal olunmuşdur. Bununla bağlı müvafiq gömrük bəyannamələrini də təqdim edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş 26.11.2021-ci il tarixli məktubda Şəxs QSC-nin ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs QSC tərəfindən 20.11.2019-cu il tarixdə 80.927,12 ABŞ dolları məbləğində pul göndərildiyi qeyd olunmuşdur;  Köçürmə sənədinə əsasən Şəxs QSC tərəfindən Türkiyədə yerləşən “X2 A.Ş.” şirkətinin hesabına 15.09.2019-cu il tarixli müqavilə ilə bağlı 22.10.2019-cu il tarixli, 47822 saylı invoys əsasında 20.11.2019-cu il tarixdə 80.927,12 ABŞ dolları məbləğində pul göndərilmişdir;  Təqdim edilmiş 103 ədəd gömrük bəyannamələrindən görünür ki, “X2 A.Ş.” şirkəti tərəfindən (və ya onun sifarişi əsasında) Şəxs QSC-yə müxtəlif vaxtlarda göndərilən bütün mallar (44-cü qrafada “4011“ sütün) 10.01.2019-cu il tarixli müqavilə ilə bağlı olmuşdur. Beləliklə müəyyən edilir ki, Şəxs QSC 80.927,12 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 20.11.2019-cu il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəməyə Azerfloat QSC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş 103 ədəd gömrük bəyannamələrində isə ölkəyə idxal olunan mallar şirkətlər arasında bağlanılmış 10.01.2019-cu il tarixli müqavilə ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mərkəzi X3 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs QSC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 80.927,12 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 16.185 (on altı min yüz səksən beş) ABŞ dolları 42 (qırx iki) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar