Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2521/2022 01.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-2491/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, "xxxx" ASC Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə icra məmuru, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol birtərəfli qaydada tərtib edilmiş, protokol tərtib edilərkən "xxxx" ASC-nin nümayəndəsi dəvət edilməmiş, onun izahatı alınmamış, sübutlar təqdim etmək, öz rəy və mülahizələrini bildirmək, vəsatət və etirazlar vermək kimi hüquqları təmin edilməmişdir. Nəticədə, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, ona Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsi hissələrində heç bir qeydiyyat aparılmamış, lakin belə qeydiyyatın aparılmamasının səbəbləri belə protokolda qeyd edilməmişdir. Bundan başqa, iş materiallarında inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin ünvanına göndərilməsi barədə xx.xx.2022-ci il tarixli, 9135-151380/22-5-9 saylı məktub olsa da, həmin məktubun ASC-yə göndərilməsini təsdiq edən müvafiq sənədlər (reyestr, xəbərnamə və s.) iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, məhkəməyə yalnız icra vərəqəsi, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin "xxxx" ASC-nin həqiqətən də ona istinad edilən əməli törətməsini, yəni icra vərəqəsində göstərilən tələbi icra etməməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2521/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2521/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver