Məhkəmə qərarları › İş №3(006)-2523/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2523/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2523/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ermənistan, Stepanavan rayonu, Puşkin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 26 iyul 2022-ci il tarixdə, Nəsimi rayonu, R.Behbudov 55 ünvanına gələrək Aysel Kəsəmənlini narahat etmiş və polis əməkdaşının qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 izahatında göstərmişdir ki, təxminən 2 ay bundan əvvəl X1 rayon Polis İdarəsinin 21-ci polis bölməsinə şikayət ərizəsi vermiş və Şəxs onu narahat etdiyini, iş yerinə gəldiyini və yolda onu izlədiyini bildirmişdir. Bununla bağlı Şəxs bölməyə dəvət olunmuş və izahatı alınmışdır. Dünən, yəni xx.xx.2022-ci il tarixdə vətəndaş Aysel Kəsəmənli yenə də 21-ci polis bölməsinə ərizə verərək Şəxs onu narahat etməkdə davam etdiyini bildirmiş və barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Ərizə ilə bağlı Şəxs polis bölməsinə dəvət edilmişdir. Şəxs ilk öncə bölməyə gəlməkdən imtina etmişdir, gəldikdən sonra isə bölmədə hay-küy salaraq onu bölməyə nəyə görə çağırdıqlarını soruşmuş, daha sonra isə polisləri təhqir edərək onların ünvanına nalayiq ifadələr işlətmiş, növbətçi hissənin iş rejiminə mane olmuş, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, 10 ildir ki, Aysel Kəsəmənlini sevir və Aysellə ailə qurmaq istəmişdir. Buna görə də Ayselin arxasınca iş yerinə gedib-gəlmişdir. Ötən ayın 15-i Aysel xanım ondan 21-ci polis bölməsinə şikayət etmişdir. Bununla bağlı o, polis bölməsinə getmiş, ondan izahat alınmış və şəhid qardaşı olmağını nəzərə alaraq onu buraxmışlar. Həmin gündən sonra o, Aysel xanımı nə görmüş, nə də ki arxasınca getmişdir. Dünən Aysel xanım yenə 21-ci polis bölməsinə gedərək ondan şikayət ərizəsi yazmış və bildirmişdir ki, guya o, Ayseli narahat edir. Onu ərizə ilə bağlı polis bölməsinə dəvət etmişlər və o da bölməyə getmişdir. O, polislərə qarşı heç bir tabesizlik göstərməmiş, onları təhqir etməmişdir. Barəsində tərtib olunmuş protokolla razı deyil. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X12 izahatında göstərmişdir ki, bu gün, yəni xx.xx.2022-ci il tarixdə vətəndaş Şəxs barəsində polis bölməsinə daxil olmuş ərizə ilə əlaqədar sonuncu 21-ci polis bölməsinə dəvət olunmuşdur. Lakin Şəxs ilk öncə polis bölməsinə gəlməkdən imtina etmiş, gəldikdən sonra isə bölmədə səs-küy salmış, polis işçilərini təhqir etmiş, onlara qarşı nalayiq ifadələr işlətmiş və polis idarəsinin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin məsul növbətçisi, polis leytenantı X9 izahatında göstərmişdir ki, Şəxs 21-ci polis bölməsinə gələndə polis əməkdaşlarına tabesizlik göstərmiş, polislərə qarşı təhqiredici ifadələr işlətmiş, növbətçi hissənin iş rejimini pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, o, Şəxs uşaqlıqdan tanıyır. Göygöl şəhərində yaşadıqları vaxt Şəxsla qonşu olmuşlar. Daha sonra onlar Bakı şəhərinə köçmüşlər. O, "xxxx" ASC-də işləyir. Şəxs mütəmadi olaraq onun iş yerinə gələrək onu narahat etmiş, sosial şəbəkələrdə ona yazmış, onun, qardaşının, valideynlərinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq onu narahat etməkdə davam etmişdir. O, Şəxs bu hərəkətlərinə görə 102 xidmətinə də zəng etmişdir. O, işə gedəndə, işdən çıxanda Elnur ona yaxınlaşır, onunla ailə qurmaq istədiyini bildirir. Şəxs bir neçə dəfə onlara elçi göndərsə də, onlar qəti şəkildə narazılıqlarını bildirmişlər. Lakin buna baxmayaraq Elnur yenə də ondən əl çəkməmişdir. Hazırda o, ailə həyatı qurmağa hazırlaşır və Şəxs onun arxasınca gəlməsi onu çox narahat edir. Şəxs ondan uzaq durmasını istəyir. Buna görə də o, xx.xx.2022-ci il tarixdə yenidən Şəxs onu narahat etməsi ilə bağlı polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, Şəxs uzun müddətdir ki, qızı Ayseli narahat edir, işə gedəndə və işdən gələndə qızının qabağını kəsir. Qızı ona bu barədə bildirdikdən sonra Şəxs qızını narahat etməməsi barədə xəbərdarlıq etməyinə baxmayaraq sonuncu öz hərəkətlərinə yenə də davam etmiş və qızından əl çəkməmişdir. Ona görə də o və qızı Şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün polisə şikayət etmişlər. İş materiallarında olan Nəsimi RPİ-nin 21-ci PB tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli aktdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Şəxs, barəsində daxil olmuş şikayətə əsasən 21-ci PB-yə dəvət edilmişdir. Şəxs PB-də dəvət edilməsinə öz etiraz və iradlarını bildirmiş və səs-küy salaraq bölmənin normal iş rejimini pozmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Şəxs, barəsində daxil olmuş şikayətə əsasən 21-ci PB-yə dəvət edilmişdir. Şəxs PB-də dəvət edilməsinə öz etiraz və iradlarını bildirmiş və səs-küy salaraq bölmənin normal iş rejimini pozmuşdur. Şəxs sakit və təmkinli olmağa dəvət etdikdə Şəxs polisin ünvanına təhqiredici ifadələr işlətmişdir. Şəxs bölmədə ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib edilmiş 27 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Həsənov X10 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 27 iyul 2022-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar