Məhkəmə qərarları › İş №3(006)-2527/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2527/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2527/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 24 iyun 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, eyni tarixli MN seriyalı ******* nömrəli qərardadı ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən işğaldan azad edilmiş ərazilərlə iş icazəsi alınmış X16, X7, X3, X12, X8 Nazirliyin «Əmək və məşğulluq» sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Nəticədə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X17 protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, «Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş» informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, Şəxs işğaldan azad olunmuş ərazilərə iş icazəsi aldığı şəxslər X16, X7, X3, X12, X8 Nazirliyin «Əmək və məşğulluq» sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Protokol tərtib olunarkən MMC-nin nümayəndəsi dəvət olunmasına baxmayaraq iştirak etməmişlər, onların iştirakı olmadan araşdırma aparıldıqdan sonra Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmənin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, Şəxs barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir. X2, X7, X3, X12, X8 Şəxs işçiləri olublar. Həmin şəxslərə dair əmək bildirişlərini və əmək haqqları almalarına dair çıxarışları məhkəməyə təqdim etmişdir. Həmin adları sadalanan şəxslər MMC-də müxtəlif vaxtlarda işləmiş və sonradan işdən azad olmuşlar. Bundan başqa həmin işçilərə eyni vaxtda icazə verilməyibdir. Bu icazələr müxtəlif vaxtlara təsadüf edir, elə işçi var xx.xx.2024-cü il tarixə, eləsi var iyun ayına, eləsi də var ki, lap əvvələ aprel ayına təsadüf edir. X10 xx.xx.2023-cü il tarixdə işə qəbul olunmasına dair əmək müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə xitam verilmişdir. X7 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə də xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Eyni ilə də digərləri ilə də eyni halları sadalamaq olar. Təqdim edilən müvafiq sənədlərdən bu açıq aydın görünür. Həmin icazələrin də may ayına təsadüf etdiyinə baxsaq görərik ki, hər bir işçi ilə əmək müqaviləsi olub və onlar bank kartı ilə əmək haqqlarını almışlar. Qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən görünür ki, X8 xx.xx.2024-cü il tarixdən etibarən Şəxs MMC ilə bağlanmış əmək müqaviləsi əsasında həmin MMC-də “fəhlə” vəzifəsində çalışmışdır. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən görünür ki, X16 xx.xx.2022-ci il tarixdən etibarən Şəxs MMC ilə bağlanmış əmək müqaviləsi əsasında həmin MMC-də “sürücü” vəzifəsində çalışmışdır. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən görünür ki, Kərimova Minəzər Malik qızı xx.xx.2024-cü il tarixdən etibarən Şəxs MMC ilə bağlanmış əmək müqaviləsi əsasında həmin MMC-də “qabyuyan” vəzifəsində çalışmışdır. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən görünür ki, X3 xx.xx.2024-cü il tarixdən etibarən Şəxs MMC ilə bağlanmış əmək müqaviləsi əsasında həmin MMC-də “xadimə” vəzifəsində çalışmışdır. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən görünür ki, X12 xx.xx.2024-cü il tarixdən etibarən Şəxs MMC ilə bağlanmış əmək müqaviləsi əsasında həmin MMC-də “iş icraçısı, tikintidə formen” vəzifəsində çalışmışdır. İş materiallarına əlavə edilmiş “AFB” Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək olan ödənilmiş əmək haqqı (və digər ödənişləri) barədə arayışdan görünür ki, Şəxs MMC tərəfindən X4 xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş “AFB” Bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixdən – xx.xx.2024-cü il tarixədək olan ödənilmiş əmək haqqı (və digər ödənişləri) barədə arayışdan görünür ki, Şəxs MMC tərəfindən X13 xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş “AFB” Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək olan ödənilmiş əmək haqqı (və digər ödənişləri) barədə olan arayışdan görünür ki, Şəxs MMC tərəfindən X5 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş “AFB” Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək əmək haqqı (və digər ödənişləri) barədə arayışdan görünür ki, Şəxs MMC tərəfindən X1 xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş “AFB” Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək ödənilmiş əmək haqqı (və digər ödənişləri) barədə arayışdan görünür ki, Şəxs MMC tərəfindən X6 xx.xx.2024-cü il tarixdə ödəniş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, həmin sübutlar sübutetmə predmetinə daxil olan bütün halların sübuta yetirilməsi üçün kifayət etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan mötəbər sübutlara istinad etməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında olan Şəxs MMC tərəfindən təqdim edilmiş sənədlərə əsasən X16, X7, X3, X12, X8 ilə Şəxs MMC arasında müvafiq əmək müqavilələri imzalanmış, "xxxx" ASC tərəfindən təqdim edilmiş bank arayışlarından görünür ki, həmin şəxslərə müvafiq əmək haqları ödənilmişdir. Beləliklə, hazırkı iş üzrə “fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs MMC barəsində əsassız olaraq “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmişdir. Odur ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş hallar məhkəmədə Şəxs MMC-nin inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 24 iyun 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 24 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar