Məhkəmə qərarları › İş №3(006)-2528/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2528/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2528/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katib Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nin baş inspektoru, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1966-cı ildə İsmayıllı rayonunda anadan olmuş, ali təhsilli, evli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 29 iyul 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nin baş inspektoru, polis mayoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs idarə etdiyi “Hyundai” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində küçəsində hərəkətdə olan zaman düzgün manevr etməmiş və “Tufan” markalı mopedlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində digər mopedin sürücüsü X3 yüngül bədən xəsarəti almışdır. Məlum olmuşdur ki, Şəxs sürücülük hüququ olmadığı halda nəqliyyat vasitəsini idarə etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, o, 22 may 2022-ci il tarixdə idarə etdiyi “Hyundai” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində hərəkətdə olarkən sağ zolaqdan sol zolağa keçdiyi vaxt arxadan sol zolaqla yüksək sürətlə hərəkətdə olan moped onun idarə etdiyi avtomaşına toqquşmuş və mopedin sürücüsü yerə yıxılmışdır. O, maşından düşərək mopedin sürücüsünə yaxınlaşmış və təcili tibbi yardıma zəng etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir təqsiri olmamışdır. Yaddaşı zəif olduğundan sürücülük vəsiqəsinin etibarlılıq müddətinin keçdiyini bilməmişdir. O, müharibə veteranıdır və ikinci qrup Qarabağ əlilidir. Epilepsiya xəstəsidir, beynində şiş var. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 2/16802 nömrəli, 22 may 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs hadisə günü ayıq olmuşdur; - Hadisənin videogörüntülərini əks etdirən diskin məhkəmə iclasında nümayişi zamanı “Hyundai Matrix” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətindən üzü Şamaxinka istiqamətində hərəkət etdiyi sağ solaqdan sol zolağa keçdiyi vaxt arxadan sol zolaqla hərəkətsə olan mopedin avtomaşının ön sol qanad və təkərətrafı hissəsinə sürtünüb toqquşaraq yol-nəqliyyat hadisəsi baş verməsi müəyyən edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 790 saylı rəyindən görünür ki, N.A.Dünyamalıyevin bədən səthində aşkar olunmuş xəsarətlər – qarın, hər iki diz oynağı və sol aşıq-baldır oynağı nahiyələrinin iri ölçülü əzilmiş-cırılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 həftə əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X8 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; - 032110 saylı vəsiqədən görünür ki, Şəxs müharibə veteranıdır; - xx.xx.2022-ci il tarixdə verilmiş epikrizdən görünür ki, Şəxs “keçirilmiş qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur; - xx.xx.2012-ci il tarixdə Şəxs adına verilmiş sürücülük vəsiqəsindən görünür ki, vəsiqənin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış material aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə görə bu Məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar