Məhkəmə qərarları › İş №3(006)-2529/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2529/2022

08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2529/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, etibarnamə üzrə idarə etdiyi “Toyota Prius” markalı, dövət qeydiyyat nişanı **-UG-*** olan avtomobil ilə 26 fevral 2022-ci il tarixdə, saat 10:00-10:30 radələrində Nəsimi rayonunun ərazisində Mərdanov Qardaşları küçəsi ilə hərəkət edərkən, qarşıdakı Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsində Antonin Prokesin idarə etdiyi “Şkoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobillə avto-qəza hadisəsi baş vermişdir. Avto-qəza hadisəsinin baş verməsinə səbəb kimi Nəcəf bəy Vəzirov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan Antonin Prokesin idarə etdiyi “Şkoda Kodiaq” markalı avtomobilinin onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilinə çırpılması olmuşdur. Onun idarə etdiyi avtomobilini çırpılmadan sonra, hətta yolun kənarında quraşdırılmış məhəccərə qədər sürütdürüb aparmışdır. Qəza zamanı “Şkoda Kodiaq” markalı avtomobilinin sürücüsünün mobil telefonu ilə danışaraq avtomobildən düşdüyünün şahidi olmuş, bu hərəkəti ilə o, A.Prokesin içkili olduğundan şüphələnmişdir. Hadisədən təxminən 5 dəqiqə sonra o, DİN-nin 102 qaynar xəttinə məlumat vermişdir. O, hərəkətdə olduğu Mərdanov Qardaşları küçəsi ilə Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsində DYP-nin quraşdırdığı “İşıqforun” işləməməsini nəzərə alaraq (işıqfor hal-hazırda da işləmir), quraşdırılmış digər “Stop” nişanına əməl etməklə yol ayırıcını keçmişdir. Bildirmişdir ki, M.Qardaşları küçəsinin enini təxminən 8 m, Nəcəf bəy Vəzirov küçəsinin isə yolun eninin təxminən 6 m olması heç kimə sirr deyil. Maraqlı məqam ondan ibarətdir ki, o, idarə etdiyi avtomobillə həmin kəsişmənin 4,5 metrlik uzaqlıında olarkən həmin avto-qəza baş vermişdir, həmçinin, A.Prokesin avtomobilini yüksək sürətlə idarə etməsi birbaşa qəzanın qaçılmaz olaraq baş verməsinə səbəb kimi dəyərləndirilməmişdir. Bundan başqa bildirmişdir ki, M.Qardaşları küçəsi boyunca Bakı Tikiş evinin inzibati binası yerləşmişdir. İnzibati bina məhz M.Qardaşları küçəsi ilə Nəcəf bəy Vəziıov küçəsinin kəsişməsinə qədər uzanır. Belə ki. inzibati binanın hərəkətdə olduğu küçənin yol ayırıcına qədər uzanması Nəcəf bəy Vəzirov küçəsi ilə hərəkət edən avtomobilləri görmək imkanını məhdudlaşdırır. Bu isə bir mənalı olaraq Nəcəf bəy Vəzirov küçəsi ilə hərəkət edən bütün avtomobillərə sürət həddini aşmamağa, yol hərəkəti qaydalarını pozmamağa işarədir (hətda bu gündə hadisə yerinə baxış keçirsəniz, görərsiniz ki, bu küçələrdə avtomobillər surətlərini azaldır və təhlükəsizliklərini qoruyur). Hətta onda, A.Prokesin avtomobilinin onun idarə etdiyi avtomobilə bilərəkdən çırpılması ehtimalı, şübhəsi yaranmışdır. O, 102 qaynar xəttinə məlumat verdiyindən təxminən 20-30 dəqiqə sonra DYP-nin əmakdaşı hadisə yerinə gəlmiş və özünü Nəsimi rayonu DYP-nin əməkdaşı olduğunu bildirmişdir. Həmin əməkdaşa o, A.Prokesin içkili olub-olmamasının müəyyən etməsini tələb etdikdə o, DYP-nin istifadəsində olan alko-testrlə yoxlamaq əvəzinə, hətta özü ilə aparmalı olduğu halda hadisə yerinə gəlmiş sığorta şirkətinin əməkdaşı ilə onu və Antonini Nizami metrosu yaxınlığında yerlıəşən X2 göndərmişdir. Həmin məntəqənin həkimi onları qarşılamış və heç bir laborator müayinə etmədən onların hər ikisinin içkili olmadıqlarına aid rəsmi rəy verdi. Bir daha bu faktla da A.Prokesin avtomobilini yüksək sürətlə idarə etdiyi zaman onun içkili olmasını sübut etmiş olur. Bundan başqa bildirmişdir ki, Nəsimi prokururluğunda inspektor Rəşad izahat verərkən izahatında təhlükəsizlik şəhər kameralarının qeyd etdiyi hadisənin materiallarını ona göstərmiş, hətta Bakı şəhər DYPİ-nin əməkdaşı olan Atif Şükürlünün qəbulunda olarkən öz izahatı ilə görüntüləri ona təqdim olunmasını isləsə də bu günə kimi A.Şükürlü tərəfindən heç bir tədbir görülməmiş və ona heç bir video görüntü təqdim edilməmişdir. Digər tərəfdən bildirmişdir ki, Nəsimi DYPİ-nə rəsmi surətdə müraciət edib, qərarın ona rəsmi formada təqdim edilməsini istəsə də bu vaxta qədər inzibati tənbeh vermə haqqında qərar ona rəsmi formada təqdim edilməmişdir. Hal-hazırda Nəsimi DYPİ baş inspektoru mayor Rəşad Süleymanovun ona qarşı yönəlmiş qanunsuz və cinayətkar xarakterli əməlləri Bakı şəhər prokurorluğunda araşdırılma aparılır. Nəsimi RPİ-nin əməkdaşı olan Rəşad Süleymanov tərəfindən protokol tərtib edərək onu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə təqsirli bilməsi qanunsuz və əsassızdır. Belə ki, İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirilməsi əks olunmuşdur. Lakin yuxarıda göstərdiyi kimi o, bütün qaydalara riayət edərək, orda işıqfor işləmədiyi halda, dayan işarəsinə riayət etdikdən sonra o, hərəkətə keçmişdir, bundan sonra yolun ortasında yüksək surətlə gələn A.Prokesin avtomobilinin onun idarə etdiyi avtomobilibini vurmuşdur. Digər tərəfdən hadisədən sonra Antoni özünü təqsirli olduğunu bildiyi üçün ona mesaj yazmış və onun vəziyyətini soruşmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri BPİ-nin X5 İdarəsinin Yol Patrul Xidmətinin xx.xx.2022ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.K.Paşayev şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-yə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Nəsimi RPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, A.K.Paşayevin müraciətində qeyd etdiyi Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən düzgün araşdırma aparılmaması və ondan pul tələb edilməsi barədə xüsusatları öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, A.K.Paşayev xx.xx.2022-ci il tarixdə, saat 10:00-10:30 radələrində Nəsimi rayonu, Mərdanov Qardaşları və Nəcəf bəy Vəzirov küçələrinin kəsişməsində “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman anidən “Şkoda Kodiaq” markalı, 055D-004 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Buna görə də A.K.Paşayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, A.K.Paşayevin barəsində Nəsimi RPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, A.K.Paşayev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta hadisəsinin necə və kimin təqsirinə görə baş verməsinin səbəbləri düzgün araşdırılmamış, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı Nəsimi RPİ tərəfindən videogörüntüləri məhkəmə iclasına təqdim edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar