Məhkəmə qərarları › İş №3(006)-2534/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2534/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2534/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs «X8. Ə.Qarayev adına 2 nömrəli X4» Publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakları ilə, «X8. Ə.Qarayev adına 2 nömrəli X4» Publik hüquqi şəxsi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 956-cı məhəllə, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən «X8. Ə.Qarayev adına 2 nömrəli X4» Publik hüquqi şəxsi barəsində İXM-in 538.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, «X8. Ə.Qarayev adına 2 nömrəli X4» Publik hüquqi şəxsi tərəfindən xəstəxanada ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələr attestasiya edilməmiş ölçmə metodikləri ilə yerinə yetirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X7 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə X6 aparılan yoxlama zamanı 33 ədəd ölçmə vasitəsinin yoxlamadan keçmədən istifadə olunması aşkar olunmuş və protokol tərtib edilmişdir. Ölçmə vasitələri dedikdə, uzi aparatı, kordeoloji aparat və s. cihazlar başa düşülür. Həmin cihazlar gətirilirsə yoxlamadan keçirilməli, tipi təsdiq olunmalıdır. İldə 1 dəfə yoxlamadan keçməli, sertifikasiya olunmalıdır. Hazırda həmin cihazların yoxlamadan keçməsi publik hüquqi şəxsin bundan sonrakı yoxlamalarda inzibati məsuliyyətə cəlb olunmaması üçün əsasdır. Buna görə də «X8. Ə.Qarayev adına 2 nömrəli X4» Publik hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə X8 adı ilə qeydiyyatdan keçmişlər. 2, 3, 4 saylı xəstəxanalar və X8 birləşdirilərək X8 yaradılmışdır. xx.xx.2021-ci il tarixdə yoxlama keçirilmiş və 11 avqustda arayış almışlar. Covidlə bağlı problemlər olduğundan vaxtında yoxlamadan keçirilməyib. Onların müəssisəsinin adı X5. Qarayev xəstəxanası isə onların şöbəsidir. Bundan əvvəlki dövrlərdə heç vaxt yoxlama keçirilməmişdir. Artıq yenidənqurma işləri aparırlar, yeni binalar tikilir, yeni avadanlıqlar alınır. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alaraq inzibati xəta haqqında porokolun icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, inzibati işə əlavə olunmuş sənədlərdən görünür ki, İqtisadiyyat Nazirliyi Yanında Atiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış yoxlama zamanı «X8. Ə.Qarayev adına 2 nömrəli X4» Publik hüquqi şəxsi tərəfindən xəstəxanada ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipinin təsdiq edilməməsi, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikləri ilə yerinə yetirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən halların müəyyən olunmadığını nəzərə alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar