Məhkəmə qərarları › İş №3(006)-2540/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2540/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2540/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-00622/25 nömrəli, 02 aprel 2025-ci il tarixli (EP № 0186999) inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/028/002632 nömrəli xx.xx.2025-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, "BP Eksploreyşn (Şah Dəniz) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN:**********) xx.xx.2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2710 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Norveçdən 34BVP176/68AEU628 nömrəli nəqliyyat vasitəsində gətirilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan 3-33-1100/028/002632 nömrəli xx.xx.2025-ci il tarixli raportdan görünür ki, "BP EKSPLOREYŞN (ŞAH DƏNİZ) LİMİTED" ŞİRKƏTİNİN (**********) ünvanına xx.xx.2025-cü il tarixində 34BVP176/68AEU628 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********2710 saylı gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İXM-in 485.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş çıxarışa gömrük bəyannaməsinə əsasən bəyan olunan yük üçün qısa idxal bəyannaməsi vaxtında təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar