Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2552/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X3, şikayətçinin vəkili Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Vəkil, qərarından şikayət verilmiş orqan Bakı şəhər BPİ-nin X9 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası DİN-in Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Respublikası DİN-in Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 uzun müddətdir ki, sürücülük fəaliyyəti ilə məşğul oluram. 19 mart 2024-cü il tarixdə saat 15:00 radələrində Nəsimi rayonu ərazisində 28 May metrosu yaxınlığında, Puşkin küçəsi ilə Vağzala giriş arası magistral yolda avtomobil idarə edərkən DYP əməkdaşı tərəfindən qanunsuz olaraq guya “əks istiqamətdə avtomobil idarə etdiyim səbəbilə saxlanıldım. DYP əməkdaşının dediyinə görə avtomobil idarə edərkən qarşıda olan yol nişanını keçmişəm. Halbuki, həmin nişana çatmamış avtomobili saxladım və onu keçməyərək geri dönüş edərək yoluma davam edərkən saxlanıldım. Mən ona yol hərəkəti qaydalarını pozmadığımı bildirsəm də, onunla uzun söhbət heç bir nəticə vermədi. Beləliklə, o, avtomobilimi cərimə meydançasına apardı və mənə Patamdart idarəsinə getməli olduğumu bildirdi. Mən məcburən onun dediyi ilə razılaşdım və Patamdartda yerləşən DYP idarəsinə getdim. İdarədə mənə 27-ci otağa daxil olmalı olduğumu bildircilər. Otağa daxil oldum və Fərid adlı polis zabiti məni qarşıladı. O, mənə yol hərəkəti qaydalarını pozduğum üçün cərimə balının yazılması və bununla da nəqliyyat vasitəsini idarə etmək hüququmun məhdudlaşdırılacağını bildirdi. Mən ona dəfələrlə əslində heç bir qayda pozmadığımı polis əməkdaşı tərəfindən qanunsuz olaraq saxlanıldığımı bildirsəm də, o mənim sözlərimə əhəmiyyət vermədən yalnız rüşvət müqabilində bu işi həll edə biləcəyini söylədi. Mən pulun məbləğini soruşduqda isə mənə 1400 manat təşkil etdiyini bildirdi. Lakin üzərimdə yalnız 150 manat olduğunu və əlavə heç bir pulumun olmadığımı ona desəm də, o, bunun mümkün olmayacağını təkidlə qeyd etdi. Artıq mübahisənin bir mənası olmadığını anladım və evə qayıtdım. 20-21 mart tarixlərində 2 dəfə həmin idarəyə Fərid adlı polis zabitinin yanına yaxınlaşdım. Hər ikisində də tələb etdiyi pulun məndə olmadığını söylədiyimə görə məni idarədən qovmuşdu. Sonuncu dəfə 22 mart tarixdə saat 14:00 radələrində bibim oğlu X5 ilə həmin idarəyə getdim və Fərid adlı polis zabitinə tələb etdiyi pulun məndə olmadığını yalnız bir miqdar pul verəcəyimi və onun müqabilində isə cərimə balının mənə yox, bibim oğlu Nuran Salmanlıya yazılmasını (bibimoğlunun da razılığı ilə) təklif etdim. Lakin polis zabiti Fərid mənim və bibim oğlunun bu təklifi ilə də razılaşmadı. Mən işi belə gördükdə ondan mənə cərimə balının yazılmasını, avtomobilimi cərimə meydançasından qaytarmalarını tələb etdim. Artıq səbr kasam dolduğundan mən qanunla onların mənə məxsus avtomobili cərimə meydançasında saxlamaq ixtiyarlarının olmadığını bildirdim. Mənim bu qanuni tələbim polis əməkdaşının xoşuna gəlmədi. Belə olan halda o mənə qarşı təhqiramiz ifadələr işlədib hədələyərək otaqdan qovdu. İdarədən çıxdıqdan sonra özözümə deyindim və bu qanunsuz hərəkətlərdən bibimoğluna gileyləndim. Bu vaxt idarənin həyətində polis əməkdaşları arxadan 5-6 nəfər olmaqla mənə yaxınlaşmış və üzərimə hücum edərək biri boynumdan tutub boğaraq başımı aşağı doğru əymiş, digərləri isə əlqolumu qarmalayaraq zorla məni idarəyə apardılar. Orada bir otağa həbs edib təxminən 1 saat məni orada saxladılar. Həmin otaqda məni döyərək, mənə qarşı təhqiramiz ifadələr səsləndirərək fiziki, psixoloji zorakılıq hərəkətləri törətdilər. (Bunu, yəni xəsarətlərimi təsdiq edən ekspertiza rəyi mövcuddur.) Etdikləri qanunsuz hərəkətlərə isə guya mənim polis əməkdaşlarını təhqir etməyimə görə olduğunu bildirdilər. Halbuki mən heç bir əməkdaşı təhqir etməmiş, orada yalnız qanunsuz əməllərindən gileyləndiyimi ifadə etmişəm. Qeyd edim ki, idarədə bir neçə videokamera yerləşdirilmişdir və mənim qeyd etdiklərim həmin videokameralarda əgər silinməyibsə qeydə alınmışdır. Təqribən bir saatdan sonra bir rütbəli polis zabiti məni həmin otaqdan çıxarmış və mən özümə gələndən sonra mənə cərimə yazacağını və avtomobilimi götürəcəyimi bildirdi. (Əgər mənim qanun pozuntum var idisə nəyə görə bu neçə gün müddətində mənə cərimə yazmırdılar. Bu qədər gözləmələrinin səbəbi nə idi. Əlbəttə ki, rüşvət və qanunsuz tələblər.) Ondan sonra avtombilimi cərimə meydançasından götürüb evə qayıtdım. Lakin evdə idarədə mənə qarşı edilən fiziki zorakılıq hərəkətləri nəticəsində aldığım xəsarətlərlə əlaqədar olan fiziki ağrılarıma tab gətirə bilmədim. Belə olduğu təqdirdə, elə həmin gün təcili yardım xidmətinə zəng vurmaq məcburiyyətində qaldım. Təcili yardım xidmətinin əməkdaşları həmin gün saat 18:00 radələrində yaşadığım ünvana gəldilər və ilkin tibbi yardım göstərdilər. Lakin onlar məni ev şəraitində müayinə etməyin qeyri-mümkün olduğunu bildirdilər. Çünki mənim sağlamlıq vəziyyətim ağır dərəcədə idi, aldığım zərbələrdən daxili qanaxma ola biləcəyini bildirdilər və buna görə də məni 3 saylı Sabunçu xəstəxanasına apardılar. Orada müayinə edib, tibbi yardım göstərdilər. Məndən aldığım xəsarətlərlə bağlı soruşduqda isə başıma gələn əhvalatı danışdım. Xəstəxanadan ayrılmışdım ki, mənə zəng gəldi. Dəstəyi götürdüm və təhqiqatçı tərəfindən bildirildi ki, mən təcili Yasamal RPİ-nin 28-ci PB-nə gəlməliyəm. Mən həmin gün təxminən saat 20:00 radələrində həmin polis bölməsinə getdim, orada təhqiqatçı tərəfindən ilkin izahatım alındı və təhqiqatçı mənə elə həmin gün ekspertiza idarəsinə getməli olduğumu bildirdi. Mən onun dediklərinə əməl edib 25 mart 2024-cü il tarixdə (3 gün bayram günləri olduğu üçün) saat 11:00 radələrində təhqiqatçının mənə dediyi ekspertiza idarəsinə getdim və aldığım xəsarətlərlə əlaqədar ekspert müayinəsindən keçdim. Sonda isə ekspert rəyini görmək istədiyimi bildirsəm də, orada mənə buna yalnız təhqiqatçının baxa biləcəyini və cinayət işinə əlavə edəcəyini bildirdilər. Nə qədər təkid etsəm də, ekspert rəyi ilə tanış olmağıma imkan vermədilər. Daha sonra həmin təhqiqatçıya zəng etdim və o da Ekspertiza idarəsində mənə deyilənləri təsdiqlədi. Mən ümumiyyətlə həmin ekspert rəyində təsbit olunan diaqnoz barədə heç bir məlumatım yoxdur. Buna görə də mənim polis əməkdaşlarının fiziki zorakılıq hərəkətləri nəticəsində hansı xəsarətlər almağım barədə məlumatsızam. Mən təhqiqatçıdan cinayət işini nə vaxt başlayacağını və aidiyyəti üzrə məhkəməyə göndəriləcəyini soruşduqda isə təhqiqatçı həmin vaxt mənə xəbər verəcəyini bildirdi. Lakin 1 ay ərzində dəfələrlə həm ona, eyni zamanda dəfələrlə 102 xidmətinə zəng etdim, ancaq heç bir nəticəsi olmadı. Təhqiqatçı məni başından edərək hələ də işin yekunlaşmadığını söyləyirdi. 22 may tarixdə isə sonuncu zəngimdə isə o, mənə baş idarəyə yaxınlaşmalı olduğumu dedi. Mən həmin gün baş idarəyə getdim və orada dəftərxanaya daxil olum. Dəftərxanada işləyən polis əməkdaşı mənə cinayət işinin başlanmasımın rədd edilməsi barədə qərarı təqdim etdi və tarixini gördükdə isə təəccübləndim, belə ki, əslində həmin təhqiqatçı cinayət işinnin başlanmasını dərhal rədd etmiş, ancaq mənə yalan məlumat verərək bir ay ərzində süründürməçilik etmişdir. Daha sonra evə qayıtdım. Nəzərinizə çatdırım ki, polis əməkdaşının qanunsuz olaraq cərimə balı yazması nəticəsində mənim nəqliyyat vasitəsini idarə etmək hüququm məhdudlaşdırılmışdır. 06 may və 20 may tarixlərində İXM-nin 332.3cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququm olmadan avtomobili idarə etdiyim üçün həmin tarixlərdə mənə 2 dəfə 300 manat olmaqla ümumilikdə 600 manat cərimə yazılmışdır. Mənim yeganə dolanışıq yerim sürücülük fəaliyyəti ilə məşğul olmaqdır. Bundan başqa heç bir mənbədən gəlirim, ya qazancım yoxdur. Qanunsuz olaraq nəqliyyat vasitəsini idarə etmək hüququm məhdudlaşdırıldığı üçün sürücülük fəaliyyəti ilə məşğul ola bilmirəm, hazırda maddi cəhətdən ağır durumdayam. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası DİN-in Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak etmiş şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirdi ki, inzibati xəta mövcud olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in Bakı şəhər X8 İdarəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü tarixli qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 12:20-də “Hyundai İ30” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 327.2-ci və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan və məhkəmə baxışında tədqiq edilmiş fotoşəkillərə baxış keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə görə, bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Bakı şəhəri X8 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X3 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (şahid, videogörüntü və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 327.2 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası DİN-in Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN-in Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-in 327.2 və 327.7-ci maddələri ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhər X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2552/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2552/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver