Məhkəmə qərarları › İş №3(006)-2552/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2552/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2552/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3 Agentliyi” X8 nümayəndəsi X4 iştirakı ilə, “X3 Agentliyi” X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X3 Agentliyi” X8 İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X10 polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokol və iş üzrə digər materiallar aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X3 Agentliyi” X8 nümayəndəsi X6 yazılı etiraz təqdim edib ona uyğun izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsi İqtisadi X1 balansında olan “CHEVROLET COBALT LTZ” minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə tərtib edilmiş materialı İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini rəhbər tutaraq baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərmişdir. Materiala həmçinin “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” GP28740440 seriya nömrəli Qərardad əlavə olunmuşdur. Həmin qərardada görə, İqtisadi X1 (bundan sonra Agentlik) barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında işin digər materiallarına baxılaraq həmin protokol və materialların məhkəməyə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun əsassız olduğunu hesab edir. İnzibati xəta hadisəsi yoxdur. Belə ki, materiala əlavə edilmiş bildirişə görə Agentliyin balansında olan **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə dayanma və durma qaydaları pozulduğuna görə İXM-in 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Bildirişdən məlum olur ki, bildiriş AZ1025, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanlanmışdır. Bildiriş məktubu materiala əlavə edilmiş olsa da, məhkəməyə həmin bildirişin Agentliyə çatması barədə heç bir təsdiq edici sənəd əlavə edilməmişdir. Halbuki, İXM-in 57.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmçinin İXM-in 123.2-ci maddəsinə görə, hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, Agentliyin hüquqi ünvanı xx.xx.2023-cü il tarixdə AZ 1014 Bakı şəhəri, Nəsimi rayonu Bülbül prospekti 20 ünvanına dəyişdirilmiş və həmin tarixdə X7 Reyestrində qeydiyyata alınmışdır. Bundan başqa onu da qeyd edir ki, Agentliyin balansında olan nəqliyyat vasitələrinin təhkim olunduğu şəxslər barədə məlumatlar xx.xx.2024-cü il tarixli məktubla Agentliyin yerləşdiyi rayon üzrə Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin Yol Polis şöbəsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Agentliyə belə bir sorğu daxil olmamışdır. Ona görə də Agentlik tərəfindən törədilmiş hər hansı bir inzibati xəta hadisəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, “X3 Agentliyi” MMC barəsində AR İXM-nin 347-ci maddəsilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları əks etdirən sənəd olaraq sübut əhəmiyyətinə malikdir. Belə ki, protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında məlumatlar, o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt, xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin müvafiq maddəsi əks olunmalıdır. İnzibati xəta haqqında protokol ittiham yönümlü prosessual sənəd qismində çıxış etdiyindən şəxsin əməlində inzibati xəta tərkibinin olması, həmin xüsusatları əks etdirən hallar və şəxsə qarşı ittiham protokolda əks olunmalıdır. Lakin hüquqi şəxsin barəsində əməlində inzibati xəta tərkibini özündə əks etdirən protokol əvəzinə həmin obyektə aidiyyatının olub olmasını təsdiq edən sənədlər olmadan və aidiyyatı olsa da belə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan onun barəsində protokol tərtib olunmuşdur. Hər bir şəxsə qarşı inzibati xəta üzrə ittiham onu özündə ehtiva edən protokolda əks olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə olan məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən “X3 Agentliyi” X11 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları .Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X3 Agentliyi” X11 Azərbaycan Respublikasının İXM-nin 347-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar