Məhkəmə qərarları › İş №3(006)-2556/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2556/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2556/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseyn Əlizaman oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Saatlı rayonu, Saatlı şəhəri, Q.Qarayev küçəsi, ev 18-də qeydiyyatda olan Hüseyn Əlizaman oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüseyn Əlizaman oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Hüseyn Əlizaman oğlu idarə etdiyi “Honda İnsight (hibrid)” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində M.Qaşqay küçəsi ilə V.Platnikov küçəsinin kəsişməsində hərəkətdə olan zaman “stop” nişanının tələblərini pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha” markalı, 99-C-962 dövlət qeydiyyat nişanlı motosikl ilə toqquşmuş, nəticədə sonuncuya qarşı yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, H.Əlizaman Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseyn Əlizaman oğlu tərtib olunmuş protokola etiraz etmədiyini, törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxslə maraqlandığını, lakin maddi imkanı olmadığından dəymiş zərəri ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Hüseyn Əlizaman oğlunun ona kömək etmədiyini bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Hüseyn Əlizaman oğlu barəsində cinayət işi başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 xx.xx.2022-ci tarixli, 748 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – sol mil-bilək oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu və vətərlərin gərilməsi ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hüseyn Əlizaman oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Hüseyn Əlizaman oğlunun törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Hüseyn Əlizaman oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Hüseyn Əlizaman oğlunun törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüseyn Əlizaman oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar